“Vəziyyəti dəyişmək mümkün olmadı”

Azər Rəşidoğlu: “Lavrov planı” və Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü üçün ciddi təhlükəyə çevrilə bilər”




Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışdı. XİN rəhbəri bildirdi ki, münaqişəni yalnız tərəflər özləri həll edə bilərlər. Onun sözlərinə görə, Rusiyanın bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz. Çünki rəsmi Moskva digər həmsədr ölkələrlə birgə danışıqlar prosesində münaqişə tərəflərini ortaq məxrəcə gətirməyə çalışır.

Rusiyalı nazir hər iki tərəfdən müsbət təkanın olacağına ümid etdiyini vurğulayıb: "Tərəflər bilirlər ki, həmsədrlər düşünürlər. Əlbəttə, tərəflərdən hansısa müsbət impuls gözləyirik. Ötən il prezidentlərin və xarici işlər nazirlərinin görüşməsinə şadıq. Yəni iş artıq tərəflərin üzərindədir”. Nazir bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma lazımdır. O vurğulayıb ki, Rusiya həmsədr olaraq tərəflərin mövqelərini yaxınlaşdırmaq, bəzi məsələlərdə ortaq məxrəcə gətirə bilmək üçün son illər intensiv səylər göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün tanınmış siyasi ekspert Azər Rəşidoğlu ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran ekspert məsələlərə aydınlıq gətirdi...

- Lavrov deyib ki, münaqişəni yalnız tərəflər özləri həll edə bilər. Əgər tərəflər bunu edə bilirsə, onda həmsədrlərin fəaliyyəti nədən ibarətdir, bu qurum nəyə lazımdır?

- Dağlıq Qarabağ münaqişəsini Azərbaycan təkbaşına həll edə bilməz. Məsələ ondadır ki, münaqişə 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. Həmin ilin yanvarın 30-da Azərbaycan ATƏT-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv olan dövlətlərin daha çox müzakirə obyektinə çevrilib. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra problemin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Sənəddə göstərilib ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin göründüyü kimi bu qurum münaqişənin həlli istiqamətində heç bir əməli addım ata bilməyib.

- XİN rəhbəri bildirib ki, Rusiyanın problemin həlli ilə bağlı konkret planları yoxdur. Ancaq məlumdur ki, Kreml tərəfindən "Kazan formulu” və "Lavrov planları” adlı həll paketləri gündəmə gətirilib. Bunlar çözüm variantları hesab edilmirmi?

- Əslində Lavrovun təqdim etdiyi planda yenilik adlandırıla biləcək başlıca məqam xalqların milli müqəddəratını təyinetmə prinsipinin tamamilə yeni rakursda təqdim edilməsidir. Beynəlxalq hüquqa görə, milli öz müqəddəratını təyinetmə yaşadıqları dövlətin içərisində də təyin edilə bilər. Yəni Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edə bilər. İstər "Kazan razılaşması”, istərsə də "Lavrov planı” əslində yenilənmiş Madrid prinsiplərinin müddəalarının təkrarıdır. Son Qarabağ danışıqlarında müqəddəratı təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb. Odur ki, haqlı sual yaranır - Münaqişənin bu şəkildə həll variantı Azərbaycanın maraqlarına uyğundurmu? İlk baxışdan bu belədir. Lakin "Kazan razılaşması”, "Lavrov planı” və Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu azad etməyəcək. Ən əsas məsələ kimi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi problemində də çoxsaylı suallar mövcuddur. Lakin xatırladaq ki, Madrid prinsiplərində bu məsələ öz əksini tapıb. Əslində, Madrid prinsiplərinin, "Kazan razılaşması”nın və "Lavrov planı”nın narahatedici amili məhz bu məsələ ilə bağlıdır.

- Rusiyalı nazir hər iki tərəfdən müsbət təkanın olacağına ümid etdiyini vurğulayıb. Seçki ilində münaqişənin həlli istiqamətində hansısa ciddi addım atıla bilərmi?

- 2018-ci il Azərbaycan və Rusiyada prezident seçkiləri, Ermənistanda isə parlament üsul-idarəsinə keçidlə bağlı seçki keçiriləcək. Ona görə də, il ərzində nəyinsə dəyişəcəyi ehtimalı çox azdır.

- Lavrov bəyan edib ki, münaqişənin həllinə mərhələli yanaşma lazımdır. Açıqlama Azərbaycan XİN tərəfindən də alqışlanıb. Mərhələli həll Azərbaycanın maraqları üst-üstə düşürmü? Bu variantın paket həldən fərqi nədir?

- 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq, iki hissədən ibarət, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket” həlli, 1997-ci ilin sentyabrında isə irəli sürdükləri ikinci təklif "mərhələli” həll variantı adlanırdı. "Paket” variantında Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. "Mərhələli” variantda isə münaqişənin mərhələlərlə nizama salınmasından söhbət gedir. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət” ideyasına əsaslanırdı.

- Üçüncü təklifə etiraz etməyimizin səbəbi nədir, söhbət nədən gedir?

- Qəbul edilməyən "ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət” prinsipi nizamasalma prosesinə ciddi maneə törədir, eyni zamanda münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk Qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri”, "yenilənmiş Madrid prinsipləri”, "Kazan razılaşması” kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir.

- Rusiya XİN rəhbəri iddia edib ki, öncə cəbhə xəttində sakitlik yaradılmalıdır. Onun fikrincə, bu reallaşarsa, siyasi nəticələrə də təsir göstərər. Bunu necə şərh edərdiz?

- Məlumdur ki, cəbhə xəttində atəşkəsi mütəmadi pozan, təxribatlara əl atan Azərbaycan deyil, birbaşa Ermənistandır. Bu fakt açıq şəkildə bildirilməlidir. Lakin təəssüflər olsun ki, reallıq ifadə edilmir, gizlədilir və tərəflər eyniləşdirilir.

İsmayıl