Xalq təbabəti adı altında o qədər fırıldaqçılar var ki...

“Əhali müraciət etdiyi şəxsin kimliyinə, tibbi savadının olub-olmamasına diqqət etməlidir”


Rusiya Dövlət Dumasına xalq təbabəti və falçılıqla məşğul olmağa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Qanun layihəsində Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Təklif qəbul olunarsa, xalq təbabəti ilə icazəsiz məşğul olanlar və falçılar, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə və cərimə edilə bilər. Rusiya Dövlət Duması vətəndaşların inamından sui-istifadə edərək maddi ziyan vuranları, həmçinin insan sağlamlığına zərərlə nəticələndiyi təqdirdə "qondarma həkimləri” sərt cəzalandırmaq qərarına gəlib.

Duma deputatları ölkədə xalq təbabəti adı altında həkimlik edənlərin 95 faizinin tibbi təhsili olmadığını bildirib. Qanun layihəsində həmçinin astroloq, falçı, cadugər, ekstrasens, öncəgörənliklə məşğul olanların maddi maraq güdərək insanların ruhi dünyasına mənfi təsir edərək öz təsirləri altına aldıqları bildirilir.
Belə sərt cəzalar bizdə də olsa gərək. Nə çoxdu hər köşədə müalicə mərkəzi açıb həkimlərdən əl üzmüş camaata od qiymətinə ot-ələf sırıyanlar, sosial və ailə problemləri sıxışıb qalmış avam arvad və kişiləri qıfılla, açarla, heç özlərinin də bilmədiyi dildə "dualar” yazıb pul qoparanlar.
Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin yerli bölmələri ilə birlikdə regionlarda falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirmişdi.

Qeyd edək ki, falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun tədbir görülür. Hətta DİN vətəndaşların diqqətinə çatdırıb ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Təbii ki, falçılıqla məşğul olan, insanların sadəlövhlüyündən, savadsızlığından, mövhumata, xurafata meyilliyindən, dini bilgisizliyindən sui-istifadə edənlər çoxdur. Onlar paytaxtda da, bölgələrdə də geniş yayılıblar və insanları min-bir dillə aldadaraq pullarını mənimsəyir, qanunsuz gəlir əldə edir və təbii ki, vergidən də yayınırlar. Ölkəmizdə, təəssüf ki, dərin kökləri olan falçılığı sarsıtmaq mümkün olacaqmı? Bunun üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında insanları xurafatdan xilas etməyin maarifləndirmədən keçdiyini dedi:

- Müsbət nəticələrə ictimaiyyət arasında təbliğat aparılmaqla nail olunur. Əgər falçılara, dələduzlara, insanları aldatmaqla gəlir əldə edənlərə qarşı effektiv mübarizəyə nail olmaq istəyiriksə, yenə də maarifləndirmə və təbliğat işlərinə üstünlük verməliyik. Çünki dələduzları qanuna tabe etdirmək heç də həmişə lazımi nəticəni vermir. Birini cərimə edəcəklər, inzibati cəza veriləcək, sabah yenə də peşələrini davam etdirəcəklər. Falçının həyatı, yaşayışı ona üz tutan adamlar olduğu qədərdir. Nə qədər ki, onların qapısını döyənlər olacaq, falçılar da fəaliyyət göstərəcək. Etiraf etməliyik ki, əhali bəzən hansısa problemini həll etməkdə aciz qaldıqda, çıxış yolunu, əlbəttə, tam yanlış olaraq falçının qapısını döyməkdə görür. Bu, əlbəttə, ilk növbədə imanın zəifliyindəndir. Çünki bəndə Allaha inanırsa, falçıya inanmamalıdır. Bir qəlbə iki eşq sığmadığı kimi, inam da ikili ola bilməz. Ya gərək Allaha inanasan və qəbul edəsən ki, sənin taleyinə Allah-təala tərəfindən qərar verilib, ya da gərək falçıya "inanıb” bədbəxt olasan. Bilirsiz, bunlar hamısı bizim insanların imanının zəifliyi və dini savadsızlığının nəticəsidir. Ona görə də gərək dini maarifləndirmə işləri aparılsın, təbliğat gücləndirilsin. Müsbət meyilləri, sağlam ideologiyanı fikir mübadiləsi, təhlil və təbliğat vasitəsilə yaymaq olar. Bizim geniş, müasir dünyagörüşlü, savadlı, dini biliklərə malik ziyalılarımız, din xadimlərimiz var. Onları əhali ilə görüşlərə dəvət etmək, telekanallarda bu mövzularla bağlı müzakirələr təşkil etmək lazımdır. Bəzən televiziyalarda qeyri-ehtiyac duyulan mövzulara geniş vaxt ayrılır, ehtiyac duyulan mövzularsa kənarda qalır. Dövlətdən maliyyələşən televiziyalar öz yerində, həmçinin özəl telekanallarda da dini maarifləndirmə proqramlarına yer ayrılmalıdır. 

Bəzi telekanallarda falçıların açıq-aşkar reklamı, təbliğatı aparılır. Adlarını da müasirləşdirib "ekstrasens” qoyublar. Məncə, DQİDK dövlət qurumu olaraq telekanallara bununla bağlı iradlarını bildirməli və tövsiyələrini verməlidir. Ən əsası, dini maarifləndirmə işi aparılmalıdır ki, insanlar nəyin düzgün, nəyin qanunsuz olduğunu bilsinlər. Falçıları məsuliyyətə cəlb etməklə iş bitməz. Bir falçını tutacaqlar, camaat o birisinin qapısına gedəcək. Gərək insanlara düzgün istiqamət verilsin. Nəyisə insanın əlindən alırıqsa, ona alternativ təqdim etməliyik. Falçılığa qarşı ən gözəl vasitə dini biliklərin artırılmasıdır. Belə olarsa, cəmiyyət falçılığın necə zərərli bir peşə olduğunu anlayar və özü bu dələduzlardan imtina edər.

Xalq təbabəti adı altında fəaliyyət göstərənlərə gəlincə, H.A.İsmayılov belə şəxslərin konkret dövlət orqanları tərəfindən nəzarətdə saxlanmasını məqsədəuyğun sayır:

- Bu məsələ artıq Səhiyyə Nazirliyinin və DİN-in işidir. Çünki burada söhbət birbaşa insan həyatının təhlükəyə atılmasından gedir. Bizim əhali də, müraciət etdiyi şəxsin kimliyinə, tibbi savadının olub-olmamasına diqqət etməlidir. Çox zaman insanlarımız kor-koranə inanırlar, təklif edilən müalicə üsulunun effektivliyini, təcrübədən keçirilib-keçirilmədiyini bilmədən, kustar üsulla düzəldilmiş hansısa məlhəmin keyfiyyətinə bələd olmadan onu qəbul etməyə başlayırlar. Bu da sonradan insanın səhhətində problemlər yaradır. Xalq təbabəti həmişə olub. Lakin bununla məşğul olmaq üçün insanın savadı, biologiyanı, kimyanı bilməsi lazımdı. Xalq təbabəti ilə bağlı nəşr olunmuş kitablar var. Bu kitabları əldə etməklə də xalq təbabətinə bələd olmaq mümkündü. Amma burada nəşrin məsuliyyətini hansı qurumun üzərinə götürdüyünə fikir vermək lazımdı. Yoxsa, indi elə zamandır ki, maddi imkanı olan kitab nəşr etdirir.

Məlahət Rzayeva