
"Xəbər gözəl bir qadının dilindən səslənirsə, onun nə deməsi önəmli olmur"
Nəsimi Nəbizadə: "Mən artıq o görünüşə və qadın şarmına vurulduğumdan, inanmağa məcbur qalıram. O şarm məni xəbərə, efirə bağlamış olur"“Taksidə arxada oturan yaşlı kişi qayıtdı ki, “oğul çoxdandır görsənmirsən?. Bu sözü mənə deyən kişi görmürdü, səsimdən tanıdı, o zaman həqiqətən kövrəldim”
(...Əvvəli ötən sayımızda)
Televiziya bu gün evimizin bir üzvünə çevrilə bilib. Orada olan simalar da sanki evimizin ən doğma qonaqları olurlar. Deməli, onlar bizə yaxındılar. Bu yaxınlıq bəzən onlara sevgi, bəzən irad, bəzən simpatiya hissləri yaradır. Bu məkanda hər aparıcının, televiziya simasının tamaşaçısı yaranır. Və bəzən bizə doğmalaşan simalar olurlar. Bu dəfəki qonağımız mavi ekrandan tanınan, bir çoxlarının sevgisini qazanan diktor Nəsimi Nəbizadə oldu.

Maraqlı həmsöhbət, səmimi müsahib və qadın gözəlliyinə dəyər verən yaraşıqlı Azərbaycan kişisi ilə söhbətimiz də əslində onu bir daha tanımağa imkan yaratdı. Efirdən kifayət qədər ciddi görünən həmsöhbətim o qədər də səmimi və həyat doludu. Həyata baxışı, zəngin dünyagörüşü, baməzə, yerində olan zarafatları xatirimizdə xoş izlər buraxdı. Onu tanımağa dəyər deyib, həmsöhbətimizlə olan söhbətimizi siz oxuculara da təqdim edirik.
- Rusiya və Avropa kanalları ilə bizi fərqləndirən nədir?
- Rusiya və Türkiyə kanallarına diqqət yetirsəz, fərqi görmək çətin deyil. Bizdə tutaq ki, daha gənc aparıcılar üstünlük təşkil edirsə, Avropa kanallarında daha dolğun, yaşlı simaları görə bilərsiz. Xəbəri satmaq lazımdı. Bunun üçün ilk növbədə aparıcıya inam məsələsi vacibdi. Xəbər aparıcısı tamaşaçının gözünü oğurlamağı bacarmalıdı. Tamaşaçının gözündən nə oğurlamaq lazımdı, bunu hesablamaq lazımdı. Yenə də burda aparıcı qadındısa, bu artıq oğurluq üçün yetərli vasitə sayılır. Qadın şarmı köməyə gəlir. Mən Nəsimi Nəbizadə efirdə xəbəri izləyirəm və bu xəbər gözəl bir qadının dilindən səslənirsə, onun nə deməsi önəmli olmur, mən artıq o görünüşə və qadın şarmına vurulduğumdan, inanmağa məcbur qalıram. O şarm məni xəbərə, efirə bağlamış olur.
- Nəsimi Nəbizadənin televiziyaya gəlişi necə olub? Təsadüfmü səni bu yola gətirib çıxardı, ya qarşıda bir məqsəd var idi?
- Televiziyada təsadüfi adamam. Türkiyədə təhsil alıb gəlmişdim. 1995-ci, ya da 1996-cı illər olardı. Mən də cavan oğlan idim. Bir az da ədəbiyyatla, poeziya ilə halım xoş idi. Dayım da bizə gəlmişdi, atamla oturub çay süfrəsində söhbət edirdilər. Televiziyada diktor müsabiqəsi elan edirdilər. Onlar ikisi də məni inandırmağa çalışırdılar ki, sən mütləq televiziyada olmalısan, sənə yaraşar, filan.
Səhər də çox ciddi şəkildə məni yuxudan qaldırıb, əynimi də zorla geyindirdilər ki, teleteatra gedirik. Gəldik də. O zaman müsabiqəyə 1000-ə yaxın insan qatılmışdı. Min nəfərin arasından 6-7 nəfər seçildik. 3 turdan keçdik. Beləcə bir də gördüm efirə çıxıram.
- Televiziyaya gəlişindən peşman olmusan?
- (Bir az düşünərək) Yox. Qətiyyən peşman olmamışam.
- Televiziya həyatına necə təsir etdi, nələri dəyişə bildi həyat yolunda?
- Televiziya həyatımda nələri dəyişdi? Televiziya həyatımın bir parçasına çevrildi. Bu gün də mənim həyatımın bir hissəsidi. Əgər nə vaxtsa televiziyadan getsəm, həyatımda nəsə dəyişər. 22 yaşında televiziyaya gəlmişəm. İndi bir o qədər də yaşım var. Mənim həyatım televiziyadan ibarət oldu.
- Televiziyanı bataqlıq adlandırırlar. Bu bataqlıq səni yormadı?
- Mən 2012-ci ildə televiziyadan getdim. Əslində hətta 2010-cu ildən. Arada bir də qayıtdım.
- Darıxmırdın? Tamaşaçı üçün, efir üçün darıxdığın vaxtlar yəqin ki olub...
- Bu müddətdə həyatımda maraqlı hadisələr oldu. Bizdə elə günlər var ki, bütün günü efirdə diktorlar, aparıcılar mətn oxumalıdırlar. İldə tutaq ki, iki dəfə bu günlər olur. 20 Yanvar şəhidlərini yad edən gün, bir də ulu öndərimiz Heydər Əliyevin rəhmətə gedən günü efirdə canlı yayıma bağlanırsan. 20 Yanvarda demək olar ki, bütün günü Şəhidlər Xiyabanına bağlanırsan və mətnlər oxunur. Məni də o günlər üçün dəvət etdilər. 2010-cu il dekabrın 9-da mən yenidən televiziyaya dəvət olundum, xəbər otağına keçdim. Hamı ayağa qalxdılar, alqışladılar ki, ooooo... Nəsimi gəldi. Amma darıxmağa gəlincə, belədi də. Mən dünən televiziyaya gəlməmişəm ki, 20 ildən çoxdu efirdəyəm. Qaldı darıxmaq məsələsinə, darıxmaq yox e... darıxmaq balaca sözdü. Hərdən burnumun ucu da göynəyir televiziya, efir üçün. 20 il bu məkanda olub, efirdən uzaq qalmaq darıxdırmır e, adamı yandırır, sızladır. Demək bir hadisəni də danışım. Bir neçə il bundan əvvəl evdən işə gəlirəm. Mən Saray qəsəbəsində yaşayıram. Maşınım da yoxdu. Maşın da sürə bilmirəm, marağım da olmayıb. Hər gün eyni yolla taksiyə oturub şəhərə gəlirəm. Bir gün də yol taksisi ilə gəlirəm. Taksidə məndən başqa arxa oturacaqda iki nəfər də oturub. Biri bir az yaşlı kişidi. Nə isə, yol söhbəti edərək gəlirik. Dağdan, bağdan danışırıq. Yol söhbəti... Amma qətiyyən məni tanımaq söhbəti yoxdu. Heç kim məni tanımır, diktoram, filan, bilmirlər. Sadəcə söhbət edirik. Birdən arxada oturan yaşlı kişi qayıtdı ki, oğul, sən çoxdandı görsənmirsən. Mən arxaya çevrildim və həmin vaxt başa düşdüm ki, mənə bu sözü deyən kişi görmür. Həmin an tutuldum. Təsirləndim. Görmürdü, amma səsimdən tanımağı məni təsirləndirdi. Həqiqətən tutuldum, kövrəldim. Belə anları yaşayanda televiziya üçün daha çox darıxdığını hiss edirsən.
- Televiziyada olan gənc bir oğlanın yəqin ki, xanım pərəstişkarları da olurdu. Məktub yazan, sevgisini bildirən olurdumu?
- Məktub nədi? Efirdən çıxırdım, qapıya çıxanda o qədər xanım qapının yanına gəlirdi ki, hərdən çaşıb qalırdım. Yəni efirdə olan insanın təbii ki, pərəstişkarları olur. O qədər gözəl xanımlar olurdu ki... Elə yəqin ona görə də evlənməmişəm (gülür).
- Efirdə başına gələn maraqlı hadisələr yəqin ki, az olmayıb...
- Təbii ki, efirdə olan, canlı yayımda olan adamın başına çox hadisələr gəlir. O qədər maraqlı hadisələr olub ki... Demək bir dəfə efirdəyəm. 28 May respublika günüdü. Mən ondan dəyərli, önəmli bayram tanımıram. Allah o kişilərə rəhmət etsin. Bizim üçün cümhuriyyət günündən şərəfli tarix ola bilməz. Mən o günü çox sevirəm. Demək efirdəyəm. Təbrik məktubları oxuyuram, ayrı-ayrı dövlətlərdən filan gələn məktubları səsləndirirəm. Məktublar da bitmək bilmir. Ovaxtki redaktorlar da tənbəliik edirdi deyə, elə faksdan məktub necə gəlirdisə, elə də bizə təqdim edirlər, canlı yayımdı, oxuyuruq. Səudiyyə Ərəbistanın krallarından birinin əmirinin məktubudu. Onlarda da maşallah, ad o qədər uzun olur ki, oxuyursan bitmir. İbn, əl, əbu, filan, adı oxuyuram, bu saqqallı kişi kimdisə, ad bitmir. Efirdə bu uzun adı oxumaqdan bezdim. Nə qədər məktub oxumaq olar. Gördüm ərəb adlarına oxşar nə ad var, onları dedim, studiyada da operator-filan var, özü də bu uşaqların da adı müasir adlardı, onların da adını bir-bir qatdım bu ərəbin adına məktubu bitirdim.
Studiyada hamı birtəhər gülüşünü saxlayıb. Yuxarıdan da qulaqcığıma gülmək səsləri gəlir, orda qiyamət qopub. Hamı gülür. Efirdən çıxdım, indi narahatlıq yaranacaq, onu da təxmin etmişəm. Nəsə, dedilər sənin başın ağrıyacaq, filan. Dedim, bilirsiz nə var, başım ağrıyıb-eləyən də deyil, o məktub göndərən ərəb özü adını tam bilmir bəlkə. Adamın bir adı, bir soyadı olar da - Nəsimi Nəbizadə. Yəni efirdə belə maraqlı işlər çox olub.
- Televiziya doğrudanmı fərqli bir dünyadı?
- Əslində fərqli heç nə yoxdu. Hamı işinə gedir-gəlir, biz də eləcə. Bilirsiz, bəlkə əvvəllər efir çox fərqli, əlçatmaz məkan idi. Efirdə olan insana dəhşətli dərəcə bir maraq yaranırdı. İndi elə deyil. Zamanında efir əlçatmaz görünürdü. Bu gün artıq sosial media efir insanları ilə rahat ünsiyyət üçün imkan yaradıb. Onları istənilən məkanda görmək, hətta ünsiyyət yaratmaq asan olub. Yəni məndə də olub ki, insan məni görəndə deyib ki, mənim ağlıma belə gəlməzdi ki, Nəsimi Nəbizadə ilə söhbət edə bilərəm, inana bilmirəm... Sən də o insanı başa düşməyə çalışırdın, istəmirdin hissləri ilə oynayasan ki, o an reaksiyası, sevinci nədisə, onu yaşasın. Amma bu gün zaman dəyişib. Zaman o zaman deyil, internet əsridir. Hamı internetdə, sosial şəbəkədə oturub, dünyanın o biri başı ilə danışır. İstənilən efir insanı ilə ünsiyyət mümkün ola bilər. Efirdə olan insan adiləşib. Televiziyada köhnə nəslin nümayəndəsi olmasam da, onların ən son yetirməsi, magikanı hesab edirəm. O vaxt televiziya nəsli var idi, əsasən də diktorlar. Onları bəzən çox quru insanlar hesab edirlər. Yəni diktorun qarşısına hansı mətni qoyurlar, onu oxuyur, vəssalam. Amma yanlış fikirdi. Amma Azərbaycan televiziyasında olan istər köhnə, istər müasir diktorlarla ünsiyyətdə olsunlar, oranın ən zəifi belə istənlən məkanda, məclisdə möhtəşəm nitq söyləyə bilər. Möhtəşəm əsərlərdən danışa bilər. Diktor, aparıcı hər sahədən xəbərdar olmalıdı. Ən azı ensiklopedik savada malik olmalıdı. Məlumatlı olması vacibdi. Mən yaxşı şahmat oynaya bilirəm. Misal üçün, bizim yaxşı şahmatçılarımızdan olan Şəhriyarla oturub söhbət etmək rahat olar. Amma mənim efirdə hər gün şahmatçı olmayacaq axı, sən müxtəlif sahənin insanları ilə efirdə həmsöhbət olursan. Demək, sən hər sahədən az da olsa, məlumatlı olmalısan. Yəni efirdə olan insan ensiklopedik bilgiyə sahib deyilsə, o nə danışa bilər. İndi savadlı aparıcı da azdı. Elələri var kitab oxumurlar. Halbuki ədəbiyyatdan aldığın zövqü başqa heç nə əvəz edə bilməz. Kitab oxumağın zövqünü nə əvəz edə bilər? Bir müddət mən də kitab oxumuram, özümü incimiş hesab edirəm. Mütaliə efir insanı üçün ən böyük məktəbdi. Efirdə olmaq həm də məsuliyyət hissidi. Bunu dərk edib o məsuliyyəti yaşamaq lazımdı.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb