XİN başçılarının görüşü təsnifat xarakterlidir

Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib



BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
Ermənistanda hakimiyyət dəyişikliyi və ondan əvvəl baş verən proseslər, etiraz aksiyaları fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində müəyyən fasiləyə səbəb olsa da, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ikinci dəfə Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla ikinci dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamağa hazır olub-olmadığını müzakirə edəcək.

Yerli politoloqlar isə XİN başçılarının növbəti görüşündən də müsbət heç nə gözləmirlər.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin görüşü adətən təsnifat xarakteri daşıyır və prezidentlərin görüşünə hazırlıq mərhələsidir: "Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. Nikol Paşinyan izahı olmayan bəyanatlar səsləndirir və guya, Dağlıq Qarabağın "müstəqilliyi”nə alternativ olmadığını söyləyirlər. Erməni rəhbərliyi bildirir ki, guya, Azərbaycanın hərbi cəhətdən güclü olması, bölgədə sabitliyi təhlükə altına alır. Halbuki Ermənistan əgər sülh yolu ilə münaqişənin həllini istəyirsə, konkret fikirlər ortaya qoymalı, qərəzdən əl çəkməlidir. Nazirlərin görüşündə çox güman ki, danışıqlar prosesinə təkan verilməsi vurğulanacaq. Amma faktiki olaraq Ermənistan sülh prosesinə hazır deyil. Düşmən həll prosesini uzatmaqla Azərbaycan tərəfini usandıraraq, vəziyyətdən çıxmağa çalışır. Ancaq Azərbaycan mövqeyindən dönən deyil. Ermənistan bunu bilə-bilə qorxu içərisində yaşayır. Gözləyək görək, Nyu-York görüşündən sonra tərəflərin açıqlamaları nə olacaq. İstənilən halda ciddi bir irəliləyiş gözlənilmir”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasilənin olması belə təsəvvür yaradırdı ki, bütövlükdə təmasları yenidən bərpa etmək çox çətin olacaq. Çünki qarşı tərəf danışıqlara mane olan şərtlər irəli sürürdü: 

"Nyu-York görüşü həlledici sayıla bilər. Ona görə ki, bu görüşdən sonra tərəflərin mövqeləri aydın olacaq. Ermənistan sülh istəyirsə, indiyədək aparılan danışıqların nəticələri ilə hesablaşmalı və görüşlər seriyasını həmin silsilədən davam etdirməlidir. Amma belə görünür ki, düşmən ölkə Rusiyanın təzyiqi altında görüşlərə getsə də, bu danışıqlara tam hazır deyil. Çünki onlar danışıqlarda qondarma separatçı rejimin iştirakının təminini istəyirlər”.

Q.Hüseynli bir daha xatırladıb ki, Ermənistan tərəfi təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan ölkədir. Bu nöqteyi-nəzərdən düşmən ölkənin qeyri-konstruktivliyi, təkəbbürlüyü üçün heç bir əsas yoxdur: 

"Xüsusilə də bölgədə gedən dəyişiklikləri hökmən nəzərə almaq lazımdır. Beynəlxalq hüququ və onu müdafiə edən dövlət birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da onu deməyə əsas verir ki, danışıqlarda ölkəmizin əli daha qüvvətlidir. Danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək iddia irəli sürmək mümkün deyil”.

Şəymən