Almaniya XİN rəhbəri: Avropa Rusiya ilə Ukrayna münaqişəsinin başa çatmasını müzakirə etməyə hazırdır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa ölkələrinin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin başa çatdırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Vadeful bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Putin müharibənin başa çatdırılmasını səmimi şəkildə müzakirə etməyə hazırdırsa, Avropa ölkələri də bu məsələdə danışıqlara hazır olacaq. Vadeful Almaniyanın gərginliyin azaldılmasına yönələn təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

O, mümkün təşəbbüslərdən biri kimi Qara dənizdə atəşkəs ehtimalını qeyd edib. Nazirin fikrincə, belə bir razılaşma uğurla həyata keçirilərsə, sonradan onun əhatə dairəsi genişləndirilərək enerji infrastrukturuna zərbələrin qadağan olunmasını da nəzərdə tuta bilər.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl danışıqlar prosesinin uzanacağı təqdirdə Kiyev üçün sülh şərtlərinin daha əlverişsiz olacağını bildirib.