Xudu Məmmədov elmə gözələ vurulan kimi vurulmuşdu





Elə insanlar var ki, onlar ölümsüz bir həyat yaşayırlar. Onların mənalı həyatı sonrakı nəsillər üçün də örnək olur. İstedadlı alim, gözəl insan olan Xudu Məmmədovda belə insanlar cərgəsində özünə xüsusi yer tutmuşdur.
Hələ müharibə illərində, onda rəngli daşlara anlaşılmaz bir həvəs var idi. Yəqin ki, o vaxtlar gənc Xudu güman etmirdi ki, maraq göstərdiyi bu daşlar daş deyil, mineraldır. Bu daşların biri pirib, o biri Radopitdir. Həmin o radopitdir ki, onun quruluşunu dünyada ilk dəfə Qarabağdan olan azərbaycanlı oğlan izah etmişdir.
Xudu müəllim Azərbaycan Dövlət Universitetinin Geologiya Minerologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə SSRİ Elmilər Akademiyasının Moskva Kristalloqrafiya İnistitunun aspirantı olmuş, namizədlik dissertasiyası müdafiə etmişdir.
Hər hansı qədim bir yazını və ya deyək ki, kodu açmaq mümkün olduğu halda "Mineralı açmaq nə deməkdir?” – sualına Xudu Məmmədov belə cavab verirdi: "Bunu izah etmək çətindir! Burada riyazi hesablamalarla, həm də böyük səylə müxtəlif ekspermental materialların öyrənib məxsusluğu ilə rastlaşırsan. Əlavə olaraq intuisiyanın da əhəmiyyəti böyükdür.
O bunu elə tərzidə deyirdi ki, anlayırdın ki, belə bir iş üçün kifayət qədər bilik, təmkin yalnız onun özündə olardı.
Xudu müəllim hər bir quruluşunu, sirrini, açdığı mineral haqqında onları əziləyə-əziləyə danışırdı. "Radopit – mənim sevimli mineralımdır. Mən hələ uşaq ikən onu dağlarda tapırdım. Bilsəniz o nə qədər gözəldir”?! Xudu müəllim özünəməxsus təmkinlə deyirdi: "Bilirsinizmi mən Eynşteynin bir sözünü çox sevirəm: "heç vaxt” sözü deməyin. Bu mənim prinsipimdir.
Həqiqətən də Xudu Məmmədov heç vaxt bir şeyin mahiyyətinə nüfuz etməyincə, bunun üçün elmə məlum olan imkanlardan istifadə etməyincə "Heç vaxt” deməmişdir.
Zaman keçdikcə Xudu müəllim kristalloqrafiya sahəsində bir çox ixtiralar etdi. Bütün varlığını elmə, insanlara bəxş etdi. Lakin amansız əcəl onu həyatdan vaxtsız apardı. O öz Vətəni və Xalqı naminə səməndər quşu kimi yanıb kül oldu. Türk yazıçısı Purpiranın Xudu Məmmədov haqqında Nürəddin Rzayevin yazdığı kitabı oxuduqdan sonra geniş məlumat aldığını bildirir. Kitabda Xudu Məmmədov haqqında geniş məlumat olduğu bildirir. Nürəddin Rzayev Xudu Məmmədov haqqında yazmışdı:
Xudu, mən və Bəxtiyar Vahabzadə çox dost idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Özəlliklə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməyimi istəyirsənmi? Uşaq da Xuduya "istərəm” dedi. Xudu ona "nə göndərim sənə” soruşduqda uşaq Xuduya "mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını tutamayıb ağalamağa başladı. Bakıya döndükdən sonra o uşağa məktub yazır, hədiyyələr də göndərirdi.
Xudu Məmmədov Böyük İnsan olduğundan böyük müəllim idi, böyük alim idi. Müəllimliyi də, alimliyi də insanlığın əsgəri idi, keşikçisiydi. İnsandan insanı sevdiyindən doğma idi. İnsanda insanı görürdü, insanı sevirdi, insanı dəyərləndirirdi, imkanı yox. Bilirdi ki, imkan insanı təsdiq eləmir. Təbiətə münasibətində kəpənək çiçəyə qonan kimi incə və zərif idi.
Təbiəti elə sevirdi ki, yeriyəndə belə onu incidəcəyindən ehtiyat edirdi. Səhər kimi doğulmuşdu vətənin üfüqlərinə. Sübut elədi ki, insan vətənləşə, vətənlə eyniləşə, vətənə bərabər tutula bilər.
Alimliyi ilə müəllimliyi bir-birini tamamlayırdı. Həm öyrənirdi, həm də öyrədirdi. Ona görə öyrənirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi. Elmə gözələ vurulan kimi vurulmuşdu. Aşiqlik məqamında idi. Elmin gözəllik mahiyyətini açırdı. Elmi gözəllik səviyyəsinə qaldırırdı. Bu onun üçün böyük yol idi. Böyük yolun yolçusu idi, getdikcə gedirdi, getdikcə ucalırdı, getdikcə işığı artırdı. Çünki yaşamağın, yaratmağın bir mənasıda işıq saçmaq idi – Xudu müəllim üçün.
Xudu müəllimin bəstə boyu vardı, şirin danışığı. Bütün həyatı sovet dönəmində keçdi. Adi sovet elminin ən böyük nümayəndələri ilə bir cərgədə yazıldı. Amma heç vaxt sovet adamı olmadı.
Azərbaycanın vurğunu idi. Xalçalarımızı kitab kimi oxuyurdu, ilmələri, çeşidlərin məqamından söhbət açdıqca adam heytətlənirdi.
Xudu müəllim insanla dünya arasında əlaqəyə, doğmalığa heyranıydı. İnsanı dünyaya, dünyanı insana bağlayan, gözlə görünməyən tellərə inanırdı. Təbii idi. Bahar kimi çiçəkləyib, payız kimi qəmlənirdi. Böyük insan idi, amma böyüklüyündən xəbəri yoxdu. Böyüklüyündən xəbərsiz böyüklüyünü yaşayırdı. Çünki uşaq kimi saf idi. Hər şeyə uşaq gözü ilə baxırdı. Dünyaya, insana elə bağlanmışdır ki, elə bir uşaq nağıla qulaq asırdı. Təbiətnən qardaş idi. Çünki təbii idi.
Allah Xudu müəllimə hər şey vermişdi. O, Bahar kimi idi – gəlişi ilə hər yer çiçək açır, hər kəs sevinirdi. O, qədər şirin idi ki, sağlığında nağıllaşmışdı. Təpədən dırnağacan məmləkət adamı idi. Deyirdi ki, insan özünün olduğundan daha çox xalqındır. Sözü əməlinə, əməlidə sözünə tək idi – çünki bütöv adam idi.
Xudu müəllim elmin fədaisi idi. O. 1970-ci ildə geologiya-mineralogiya elmilər doktoru, 1973-cü ildə professor, 1976-cı ildə Azərbaycan Elmilər Akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Milli Elmilər Akademiyasının qeyri-üzvü və fiziki kimya inistitunun struktur kimya laboratoriyasının müdiri təyin edilmişdir. Bir çox əsərlərin müəllifi olmuşdur: "Kalsium silikatların və hidrosilikatların kristolokimyası”, "Naxışların yaddaşı” və s. İki filmə ssenarı yazmışdı: "Naxışların yaddaşı”, "Zəlimxan dastanı”.
Kəşflərilə dünya elminin yeni qütbünü yaratmışdı – Xudu Məmmədov qütbünü.
Dünyanın bir üzünü fəth etmişdi. Dünyanın üzünə yeni üz çəkirdi – Xudu Məmmədov üzü. Dünyanı yeni ləyaqətlə üzləyirdi. O, qədər elm adamı dünyanın Xudu müəllim olan üzünə baxıb güzgülənmişdi ki... Göründüyündən böyük idi. Yanında olmaq yetərdi ki, dəyişib yeni dəyər qazanasan, başqa adam olasan. Kəşflərini, tapıntılarını qala kimi hörürdü, vətən torpağına abidələşdirirdi. Kəşfiləri üzümüz idi, həyamız idi, adımız idi. Elmi elə hala gətirirdi, elə biçimləşdirirdi ki, onun bizə məxsus olmağında şəkk yeri qalmırdı. Yadın şərikliyinə yer qoymurdu: Kristalların xassələri və qarışıqlı əlaqələri sahəsində böyük kəşflərə imza atmışdı. Müasirləri, dünyanın yeni elm fədailəri tərəfindən "canlı və cansız təbiətin vəhdətini tapan böyük alim” adını almışdır.
Yapon, alman, ingilis amerikan alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst etmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı. İngilis, fransız olsaydı, dünyanın ən məhşur adamlarından olardı.
O, Elmimizin vicdanı, milliliyinin zirvəsi, dostluq nümunəsi idi. Çox şaxəli istedada malik idi.
Xudu müəllim hansı sahədən yapışsaydı, urvata mindirirdi. Muğamlarımızı da xalçalarımız kimi sərirdi, dünyanın üzünə ruhumuzun ətri gəlsin deyə.
Memar idi, layihələrindən gözəl binalar tikilirdi. Dostlarının portiretinin çəkməyi sevirdi. Rəsmlərindən vətən baxırdı, vətən çağırırdı adamı.
Xudu Məmmədov yaradıcı, insan idi, Sadiq Murtuzovun dediyinə görə, Ağdamda Üç mərtəbəli çayxana və Kəlbəcərdə düzdə böyük bir ziyarət evi Xudu Məmmədovun lahiyyəsi əsasında tikilmişdi.
Tələbələrinə qarşı qayğıkeş idi. Hamısında onun adı gələndə ehtiram hissi ilə ayağa qalxırdı. Tələbələrinə ruhunu verirdi. Deyirdi ki, tələbə qab deyil ki, onu elmlə doldurasan. Tələbələrilə yaxın dost, sirdaş idi. Onlarla küləklər kimi, sular kimi qovuşub bir olurdu.
İçi poeziya ilə dopdolu idi. Ağrı-acılarını yazdığı şeirlərə, bayatılara hopdururdu. Ağrı-acıları, sevinci, kədərindən də vətən ətri gəlirdi:

Bu qala bizim qala,
Qaldıqca bizim qala,
Qurmadım özüm qalam,
Qurdum ki, izim qala

Əlim köməyim osun,
Elim köməyim olsun,
Elimə yük olarsam,
Ölüm köməyim olsun.


Dərdlərimi ələsəm,
Heyim çatmaz tələsəm,
Mən bir yetim quzuyam,
Kim eşidər mələsəm.

Onun yazdığı şeirlər, bayatılar bu gün Xudu müəllimi yaşadanlar, yaşatdıranların yaddaşlarında daima qalacaq, oxunacaq və deyəcəklər Xudu müəllim ölməyib o bu gündə yaşayır.
1927-ci ildə Ağdam mahalında Mərzili kəndində dünyaya göz açmışdır. Bakıya, Moskvaya, Leninqradda oxuyub öyrənmişdi. Dünyanın çox ölkələrindən dəvətlər almışdır. Amma azərbaycanı heç yerə, heç nəyə dəyişməmişdi.
Çünki Vətəni balası kimi bağrına basmışdır.
Günlərin bir günü bu böyük şəxsiyyət dünyasını dəyişdi. Bu ölüm xəbəri Xudu müəllim tanıyanları, onu sevənləri sarsıtdı, bellərini bükdü. Ancaq onlar əyilmədilər, sınmadılar, ona görə ki, Xudu Məmmədovu bütün dünya tanıyır. Dünyada tanınan insanlar ölmürlər, onlar həmişə yaşayırlar.
Xudu müəllim ölümədə qeyri-adi gözlə baxırdı. "Ölüm yolçunu saxlayır, yolçuluq isə davam edir. O ölümə ucaldı. Xudu müəllim kimi insanların ölümü də rövnəqləndirir, urvata mindirir. Xudu müəllim aramızda olmamasını, ölümə bağlamaq olmur. Çünki onun yoxluğunu düşünəndə ölüm yada düşmür.
Ölüm insanları eyniləşdirir. Amma Xudu müəllimi eyniləşdirə bilmədi, daha da bənzərsiz elədi.
İnanıram ki, özünü məmləkət adamı sayan, içində yurd sevgisi daşıyan hər kəs Xudu müəllimi yanında hiss edərək ruhunda yaşadacaqdır.
Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədəkarlığa çağırışdır.
Dünya o vaxt gözəl olacaq ki, insanlar dünyanın Xudu müəllim olan üzünə üz tutacaq...
Özümüzü və yurdumuzu xilas etməyin bir yolu da budur.


Fidan Həşimova