Yağları əridib istifadə etmək xərçəng yaradır

Professor məsləhət görür ki, yağlardan bir dəfə istifadə olunmalıdır


İstifadə olunan ucuz qiymətli və keyfiyyətsiz yağlar insan həyatı üçün təhlükəlidir. Bəziləri qiymətlərin aşağı olduğu üçün keyfiyyətsiz yağlara üstünlük versələr də, nəticələr olduqca qorxuludur.

İstehlakçıların əksəriyyəti əridilən kərə yağının suyunun çox olduğunu, hazırlanan yeməklərdən xoşagəlməz dad və qoxu gəldiyini bildirirlər. Ümumiyyətlə, insanlar qida rasionunda yağdan balanslaşdırılmış şəkildə istifadə etməlidir. Əks təqdirdə, keyfiyyətsiz yağlar ürək-damar, şəkər, xərçəng və başqa xəstəliklərin yaranmasına səbəb olur.

Doymuş və doymamış yağlar

Yağlar doymuş və doymamış olmaqla iki qrupa ayrılır. Doymuş yağlar kimyəvi tərkibində hidrogen atomu daşıyır. Bu yağ turşuları qandakı xolesterol miqdarını artırır ki, bu da ürək xəstəliklərində önəmli risk faktorudur. Heyvan mənşəli yağlar doymuş yağ turşularının bir növüdür. Zeytun yağı, soya yağı isə doymamış yağlar qrupuna aiddir və ürək, qan-damar sağlamlığı üçün faydalıdır

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ilk növbədə heyvan mənşəli və bitki yağlarına diqqət yetirmək lazımdır: 

"Təmizlənməmiş və içərisində toxumu olan yağlar olur. Təəssüflər olsun ki, bu gün Azərbaycanda kərə yağları organik xüsusiyyətli kərə yağları səviyyəsinə çatdırılmayıb. Bəzi yağların isə mənşəyi məlum olmur və ərindəndə görünür ki, kərə yağı deyil. Ümumiyyətlə, yağ məsələsi Azərbaycanda bir problemdir. Bu gün keyfiyyətli yağ tapmaq müşkül məsələdir.

Keyfiyyətsiz yağlardan istifadə bir çox xəstəliklərə hətta xərçəng xəstəliyinə səbəb olur. Yağların əridilməsi zamanı əmələ gələn konsirogenlər xərçəngin yaranmasına zəmindir. Ümumiyyətlə, yağ bir dəfə istifadə olunmalıdır. Onu qaynatmaq, təkrar istifadə etdikdə xərçəng əmələ gələn maddə inkişaf edir. Ona görə də yağları uzun müddət qaynatmaq və yenidən istifadə etmək düzgün deyil. İndiki yağlarda daha çox xolesterin var və bütün bunlar damarların kirəcləşməsinə gətirib çıxarır”.

Yeganə Bayramova