Yaraşığına aldanmayın

Bıçaqla kəsilən çiyələklər insan həyatı üçün çox təhlükəlidir


Meyvə-tərəvəz mövsümü yaxınlaşanda çoxumuz bu məhsulların təbii şəkildə yetişməsinə səbr edə bilmir, görünüşünə aldandığımız meyvələri elə həmin dəqiqə alıb nübar etməyə tələsirik. Ən çox da satışa çiyələklər çıxarılır. Daha doğrusu, mayın ikinci yarısından etibarən çiyələk bazarlara ayaq açmışdı.

Hazırda bazarda olan çiyələklər nə qədər cəlbedici görünüşə malikdirsə, əhali ondan bir o qədər ehtiyat edir. Amma vaxtından əvvəl yetişdirilən, iri görünüşlü meyvələrin orqanizmə zərər vuracağı ehtimalını qulaqardına vuranlar da az deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda Bakının bazar və mağazalarında satılan çiyələklərin 98 faizinin yerli məhsullar olduğunu deyib. Onun sözlərinə görə, satışda olan çiyələklər arasında genetik modifikasiya olunmuş (GMO) məhsullar da var: "Balaca çiyələk növləri var ki, tez xarab olur. Amma bərkidilmiş, bazar üçün yararlı olan və bıçaqla kəsilən çiyələklər də var. Bazarlarda onların tərkibi ilə bağlı yoxlamalar apardıq. Məlum oldu ki, çiyələklərin tərkibində nitradların miqdarı normaldır. Təhlükəli çiyələklərdə də nitradların miqdarı çoxdur. Bunlar genetik modifikasiya olunmuş çiyələklərdir. Hansı ki, həmin çiyələklərin tərkibi ancaq laboratoriyalarda yoxlanılır”.

E.Hüseynovun fikrincə, bıçaqla kəsilən çiyələklər insan həyatı üçün çox təhlükəlidir: "Ancaq balaca və tez xarab olan çiyələklər almaq lazımdır. Bıçaqla kəsilən çiyələklərdən uzaq olun”.

Böyük ölçülü çiyələklərin genetik modifikasiya olunduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, süni olaraq yetişdirilən meyvələr adətən gec xarab olur: 

"Çiyələk elə bir meyvədir ki, onun uzun müddət saxlanması mümkün deyil. Böyük ölçülü, süni şəraitdə yetişdirilən çiyələklərin orqanik xüsusiyyətlərində müəyyən fərqlər var. Təəssüflər olsun ki, hazırda insanlar qida gigiyenasından əziyyət çəkirlər. Qida təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının sosial tərkib hissəsidir. Ona görə də ölkəmizdə yetişdirilməsi mümkün ola meyvə-tərəvəzləri kənardan gətirməyimiz düzgün deyil. Başqa ölkələrdən gətirilən meyvə-tərəvəzlər modifikasiya olunur və süni şəkildə yetişdirilir. Məhz buna görə də əhali arasında yalnız çiyələklə bağlı deyil, digər meyvələrlə bağlı da narahatçılıqlar var”.

Bəs süni şəkildə yetişdirilmiş meyvələrin sağlamlığa nə kimi ziyanı var?

A.Qeybullanın sözlərinə görə, hazırda süni iqlim şəraitində yetişdirilən meyvələrin orqanizmə zərərləri ilə bağlı böyük işlər gedir. Lakin belə meyvələrin konkret olaraq onkoloji və yaxud digər xəstəliklər törətməsi haqqında ortada dəqiq bir rəy yoxdur: "Bu gün insanların qidalanma tərzi dəyişib. Hər bir millətin özünəməxsus qidalanması, mətbəxi, qida gigiyenası var. Orqanizmin sağlamlığı təbii ki, qidalanmadan asılıdır. Vaxtından əvvəl, süni iqlim şəraitində yetişdirilmiş məhsullar təhlükə törədə bilər. Müxtəlif zərərverici və parazitlərlə mübarizə aparmaq üçün istifadə edilən dərman preparatları və digər maddələr meyvə-tərəvəzlərin tərkibinə vurulursa, bu, orqanizm üçün ziyanlıdır.

Bəzi hallarda suların tərkibi də kifayət qədər təmiz olmur. Belə sular meyvə-tərəvəzlərin yuyulması üçün istifadə olunduqda xoşagəlməz halların baş verməsi də qaçılmazdır. Qida ilə bağlı çox ehtiyatlı olmaq lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində müxtəlif ərzaq məhsullarının tərkibində bağırsaq çöpləri və digər mikroblar aşkar olunursa, bu məsələ ilə bağlı dərhal həyəcan təbili çalınır. 

Beləliklə təxirəsalınmaz tədbirlər görülür, yarana biləcək bütün təhlükələrin maksimum dərəcədən minimuma endirilməsi istiqamətində operativ işlər aparılır. Ölkəmizdə isə hələlik bu məsələlərlə bağlı xeyli boşluqlar var. Düşünürəm ki, yeni yaranmış Qida Gigiyenası Agentliyi bu işlə daha ciddi məşğul olmalıdır”.

Yeganə Bayramova