- “Aydın bəy, millət sizdən ziyalı mövqeyi gözləyir, siz də xalqı təhqir edirsiniz”
Kulturoloq Aydın Xan Əbilov uşaq pulu istəyənləri eşşək adlandırıb. Bu çıxışın bir müddət əvvəl edildiyi deyilir. Lakin bu, mahiyyəti dəyişmir. Kulturoloq xalqı aşkar şəkildə aşağılayır: “Uşaq pulu istəyən eşşəkləri başa salıram. Dövlət uşaq pulu verməməlidir. Uşaq pulunu kim tələb edir? Heç bir iş görməyən, tənbəl, bütün günü yatan, beyni işləməyən insanlar. Onlar yataqdan çıxmırlar, 5-6 uşaq doğurlar. Yükləyirlər bizim kimi işləyən insanların çiyninə, dövlət büdcəsinə, sonra da uşaq pulu tələb edirlər”.
Açığı, Aydən Xandan bu cür açıqlama gözlənilməzdir. Kulturoloq belə kultursuz ifadələr işlətməməlidir, hesabla. Onun mövqeyi bəlli olduğundan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Novella Cəfəroğlunun məsələyə münasibətini öyrəndik.
N.Cəfəroğlu Sherg.az-a açıqlamasında bildirdi ki, onun üçün də Aydın Xandan belə bir açıqlama gözlənilməz oldu:
- Mən Aydın bəydən bunu heç gözləməzdim. Ona yaraşdırmadım bu çıxışı. Xalqı aşağılamaq sanki son zamanlar “trend”ə çevrilib. Çox təəssüf edirəm buna, bu cür insanlar qınanmalıdır. Çingiz Abdullayev deyir “mədəniyyəti olmayan xalqın xalq yazıçısıyam”. Bu nə deməkdir? Ayıbdır! Xalq yazıçısı adını daşıyan yazıçı xalqını niyə bu qədər alçaltmalıdır? Xalqı alçaltmaq istəyən özü alçalacaq. Bunu bilsinlər. Xalq yazıçısı, xalq artisti, başqa fəxri adlar, bunlar hamısı sovetdənqalmadır. Heç bir dövlətdə indi belə şey yoxdur. Hərəsi bir təşkilatı özəlləşdirib əyləşib, indi də xalqın adından danışırlar. Xalq kimi özünə yazın bilirsə, kim xalqın dərdindən danışırsa, onu sevirlər, ona hörmət edirlər. Kimin kitabı çox alınır, kimin konsertinə daha çox tamaşaçı gəlir, bu, xalqın seçimidir. Belə adamlara fəxri ad heç lazım deyil. İndi də Aydın Xan xalqı alçaldır. Heç gözləməzdim Aydın bəydən. Mənim indiyədək tanıdığım Aydın bəy ziyalı insandır, yaxşı yazıları, çıxışları var, onunla bir toplantılarda olmuşuq, ədalətli mövqe göstərib. Ona yaraşdırmadım bu sözləri. Aydın bəy, sizə yaraşdırmıram bu çıxışı. Sizin də evdə, qohumlarınız arasında xanımlar var, bu cür ədəbsiz sözləri sizə bağışlayacaqlarmı, bilmirəm. Bu sözləri deyərkən gənc ailələri, hansı ki uşaq puluna möhtacdırlar, düşündünüzmü? Siz ziyalılar təklif etməlisiniz hökumətə ki uşaq pulu verilsin. Millət sizdən ziyalı mövqeyi gözləyir, siz də xalqı təhqir edirsiniz. Siz ziyalılar deməlisiniz ki uşaqlar bizim gələcəyimizdir, onlarn gələcəyi təmin olunmalıdır. Bir də ki, dövlət uşaq pulu verməməlidir, nə deməkdir? Bunu gedib hansısa Avropa ölkəsində desəniz, sizi lağa qoyub gülərlər. Bir çox ölkələr var ki körpə anadan olandan dövlət tərəfindən adlarına bank hesabı açılır və ora yatırım qoyulur. Bunu uşağın gələcəyinin sığortalanması üçün edirlər. Azəbaycanda doğum faizi ildən-ilə azalır. 5-6 uşaq olan ailə var indi? 3 uşaqlı ailələr barmaqla sayılacaq qədərdir, siz 5-6 uşaqdan danışırsız. Demoqrafik böhranla üzləşməyək deyə, uşaq pulu da verilməlidir, gənc ailələrə sosial güzəştlər də.