Yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb

Psixoloq deyir ki, yeniyetmələrin zərərli vərdişlərə yiyələnməsində əsas faktor ailədir
“Siqaret qutusu boşalmış ata uşağın əlinə pul verib siqaret almağa göndərir”

Azərbaycanda aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkənlərin sayı hər il gəncləşir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə "Tütün - inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb.

Onun sözlərinə görə, bu da bir çox xəstəliyin yaranmasına səbəb olur. Siqaretdə olan ziyanlı maddələr, müxtəlif boyalar əsasən xərçəngin yaranmasına şərait yaradır.
Şöbə müdiri qeyd edib ki, bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görülür, maarifləndirmə işləri aparılır.

İSİM-nin Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qeyd edib ki, tütün epidemiyası dünyada aktual məsələdir: "Tütünçəkmə qeyri-infeksion xəstəliklərlə əlaqədardır. Bu gün qeyri-infeksion xəstəliklər (ürək-damar, onkoloji, ağciyər xəstəlikləri, şəkərli diabet, psixi sağlamlıq pozuntuları) dünyada baş verən ölüm və xəstələnmənin 60 faizini təşkil edir. Bunun nəticəsində də çoxsaylı insan itkiləri baş verir. Tütünçəkmə böyük bir fəlakətdir və dünya ölkələri bu problemin həllinə xüsusi diqqət yetirir”.

Qeyri-infeksion xəstəliklərin yaranma səbəbləri isə tütünçəkmə, spirtli içkilər, fiziki passivlik, qeyri-sağlam qidalanma kimi faktorlarla bağlıdır. Erkən yaşlardan siqaretə meyillilik sonrakı yaş dövrlərində qan təzyiqi, artıq çəki, köklük problemi, qanda şəkərin miqdarının artması, qeyri-sağlam inkişafa gətirib çıxarır.

Göründüyü kimi, problem kifayət qədər ciddidir. Həqiqətən də, küçədə, yolda barmaqları arasında siqaret tutan azyaşlıları görəndə istər-istəməz sual yaranır; bu yaşda uşaq da siqaret çəkər?! Bunun ata-anası hara baxır görəsən?!

Psixoloq Aydan Talıbova da bu fikirdədir ki, yeniyetmələrin zərərli vərdişlərə yiyələnməsində əsas faktor ailədir. Psixoloq xanım "Şərq”ə açıqlamasında qeyd etdi ki, uşağın hansı yöndə inkişaf etməsində ailə əsas rol oynayır:

- Uşaqlarda zərərli vərdişlər yeniyetməlik dövründə üzə çıxır. Çoxları elə düşünür ki, uşaq böyüdü, dost-tanış qazandı, məktəbə getdi, pis uşaqlara qoşuldu və tərbiyəsi pozuldu. Xeyr. Belə deyil. Uşaqda yeniyetməlik dövründə özünü büruzə verən zərərli vərdiş və davranışların əsası erkən yaşlarda qoyulur. Uşağın psixologiyası da, davranışları da erkən yaşda formalaşır. Və burada ailə əsas faktordur. Əgər uşaq ailədə müşahidə edirsə ki, atası ilə anası dalaşdı, atası araq şüşəsini qarşısına qoyub içməyə başladı, əlbəttə, həmin uşaq yeniyetməlik dövründə spirtli içkiyə meyilli olacaq. Siqaret də belədir. Bir halda ki, uşaq atasının, təəssüf ki, hətta bəzən anasının da siqaret çəkdiyini görür, o uşağın siqaret çəkəcəyi tamamilə gözləniləndir. Doğrudur, istisnalar həmişə var. Dağılmış ailələr, boşanmış valideynlər, nəzarətsiz böyüyən uşaqlar arasında tərbiyəli, savadlı, nümunəvi yeniyetmələr yetişir. Ancaq, dediyim kimi, bunlar istisnalardır. Əksər hallarda isə uşaq ailədə nə görürsə, onu da götürür. Uşaq üçün həyatda birinci nümunə valideynidir. Qarışıq formalı davranış pozuntuları da olur. Ailə, həyət, küçə, məktəb... 

Ancaq ən əsası yenə də ailədir. Təəssüf ki, bizim bəzi ailələrdə uşaqların tərbiyələndirilməsi düzgün aparılmır. Uşağa nəzarət ilkin yaşlardan başlanmalıdır. Nəzarət dedikdə isə döyülmə, fiziki təzyiq yox, uşaqda müsbət keyfiyyətlər formalaşdırmaq, həvəsləndirmək, nümunəvi örnək göstərməkdir. Bizim əksər valideynlərin səhvi bundadır ki, uşağa diqqət ayırmaq əvəzinə, qınaq obyektinə çevirirlər. Birinci sinfə gedən uşaqlar arasında qələm soranlar olur. Bu, erkən yaşda uşağın sorma tələbinin ödənmədiyini, sevgi doyumsuzluğunu göstərir. Sevgi doyumsuzluğu yaşamış körpələr böyüdükcə zərərli vərdişlərə meyl edirlər. Tütünə meyillilik, narkotik aludəçiliyi, spirtli içkilərə həvəs məhz bu halda yaranır. Digər tərəfdən valideynlər məktəbliyə verilən gündəlik xərcliyin hara xərclənməsi ilə maraqlanmalıdır. Məktəbliyə 5 manat xərclik vermək qətiyyən doğru deyil. Bir məktəblinin gündəlik xərcliyi 5 manat ola bilməz. Artıq qalan pulu zərərli nələrəsə xərcləmək üçün yaranan bir imkandır. Uşağa kiçik yaşlarından qənaətcillik öyrədilməlidir. Valideyn uşağı pul toplamağa həvəsləndirə bilər. Məsələn, uşaq valideyndən nəsə almasını istəyirsə, valideyn "onda gəl, pul topla, alaq” desə, uşaqda pulun yığılmasına maraq yaranacaq. Amma əgər valideyn uşağın hər bir istəyini hətta imkanı çatmadığı halda belə ödəyirsə, yeniyetməlik çağında artıq bu, istək yox, tələb formasına keçəcək.

Ailə faktoru ilə yanaşı, A.Talıbova tütün məmulatlarının satışına da ciddi nəzarət edilməsinin vacibliyini vurğuladı:

- Hazırda tütün məmulatları açıq satışdadır. Demək olar, hamı üçün əlçatandır. Halbuki yeniyetmələrə, azyaşlılara siqaret satılması qadağandır. Amma siqaret qutusu boşalmış ata uşağın əlinə pul verib siqaret almağa göndərir. Marketlər də sırf ticari maraqlarını üstün tutub alış-verişi icra edirlər. Mən bu məsələdə də yenə ailələri günahlandırıram. Çünki bütün uşaqlar siqaret çəkmir. Hansı uşaq siqaret çəkirsə, deməli, zəif xarakterlidir. Bunun günahı isə valideynin üzərindədir ki, övladını məhz bu cür böyüdüb.

Məlahət Rzayeva