Yayda qida zəhərlənmələrindən necə qorunaq? - Həkim izah edir




"Yay fəslində istər şirniyyat, istərsə də konserv qidalar və digərlərindən zəhərlənmələr baş verə bilər”.

Bunu Sherg.az-a yay fəslində qida zəhərlənmələrindən qorunmağın yollarını izah edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof, dietoloq Şəmsiyyə Namazlı deyib. 

O bildirib ki, bütün məhsulların xüsusilə, bu fəsildə saxlanması şəraitinə diqqət edilməlidir:

"Həm qidaların saxlanmasında, həm də hazırlanmasında sanitar-gigiyenik qaydalara riayət olunmalıdır. Qidaların tərkibinin fərqi yoxdur. Çünki elə onların tərkibində olan bakteriyalar var ki, onlar bir neçə gün sonra otaq temperaturunda, daha isti şəraitdə qaldıqda çoxalır. Onların idxal etdikləri toksinlər orqanizmə zərbələr vurur, zəhərlənmələrlə nəticələnir. Biz bunlara toksikoinfeksiyalar deyilir. Bunlar alimentar mənşəli qidalanma ilə bağlı olaraq artır.

Otaq şəraitində sterilizə olunmuş tərəvəzlərin, hazır qida məhsullarının xarab olması sürətlənir. Ən çox qorxduğumuz isə batulizm xəstəliyidir. Bu müalicəsi, geri dönüşü olmayan xəstəlikdir. Biz bundan hər zaman, xüsusilə yay aylarında qorunmalıyıq”.

Ş.Namazlı söyləyib ki, zəhərlənmə baş verən zaman iki saat müddətində ilkin yardım, həkim nəzarəti göstərildisə, artıq xəstəni xilas etmək mümkün olur:

"İki saatdan çox müdaxilə olunmadıqda toksikoinfeksiyalar yayılır və qaşısını almaq çox çətin olur. Burada tək individual zəhərlənmələr deyil, kütləvi şəkildə olanlar, məclislərdə, toylarda, yığıncaqlarda baş verən hadisələr daha çox olur.

Şirniyyatların tərkibində istifadə olunan yağlar, qatqılar, kimyəvi boyalar, məhsullar da ciddi problem yaradır. Ümumiyyətlə, tərkibindən asılı olaraq ərzaqların, yeməklərin hazırlanmasında və saxlanmasında müəyyən qaydalara əməl olunmasa birmənalı olaraq zəhərlənmələrin sayı artacaq”.

Aysel Aslan