Yenə terror təhlükəsi gözlənilir
Mançester şəhərində baş vermiş partlayışdan sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib
Dünən Böyük Britaniyanın Mançester şəhərində terror aktı baş verib. Dəhşətli partlayışda 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da olub. Partlayış "Mançester-Arena” stadionunda pop-müğənni Ariana Qrandenin çıxışından sonra baş verib. Mənşəyi məlum olmayan partlayıcı qurğu konsert zalının foyesində işə düşüb. Hakimiyyət nümayəndələri baş verən hadisəni terror aktı kimi qiymətləndiriblər.
Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Böyük Britaniyanın Baş naziri Tereza Mey partlayış nəticəsində ölənlərin ailələrinə baş sağlığı verib. Olay 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur. Terror aktından sonra gələn ay keçiriləcək növbədənkənar seçkilərə qatılmaq istəyən bütün siyasi partiyalar kampaniya proqramlarını təxirə salıblar. Mançester şəhərində terror aktı törədən şəxsin adı açıqlanıb. Ələ keçən şəxsin 23 yaşlı Salman Abedi olduğu bildirilib. Terrorçu bombanı stadiona bel çantasında gətirib.
Partlayışla bağlı ABŞ əvvəlcədən xəbərdarlıq edibmiş...
Böyük Britaniyanın "Mançester-Arena”da törədilən terror aktından bir neçə saat əvvəl ABŞ-dan xəbərdarlıq edilib. Bu barədə "Röyter”’a danışan ABŞ rəsmisi deyib ki, terror törədiləndən bir qədər sonra Londonun məşhur "Viktoriya” stansiyasının yaxınlığında şübhəli paket aşkar edilərək stansiya bağlanıb. Araşdırmalardan sonra paketdə təhlükəli bir şey olmadığı açıqlanıb.
Britaniya Baş naziri - "Yeni terror aktı gözləniləndir”
Britaniya Baş naziri Tereza Mey yeni hücum təhlükəsinin gözlənilən olduğunu deyib. Mey terror təhdidi səviyyəsinin hələ də yüksək olduğunu, daha bir terror aktının mümkünlüyünü bildirib: "Partlayışdan sonra Mançesterdə və bütün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Bu səhər London vağzalında partlayış qorxusu ilə həyəcan yaşansa da, aşkarlanan əşya təhlükəsiz çıxıb. Bundan əlavə Mançesterdə "Arndale” ticarət mərkəzində terror təhlükəsi ilə bağlı əhali evakuasiya edilib”.
London təhlükəsizliyi gücləndirdi: Terrakt təhlükəsi
Britaniya paytaxtının rəhbərliyi Mançesterdə baş vermiş terraktla bağlı şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə London meri Sadiq Xan məlumat verib: "Mən Londonda təhlükəsizliyin təmin olunmasına cavabdeh olan Skotlan-Yardla daim əlaqədəyəm. Şəhərin küçələrində polislərin sayı artırılıb”.
Mançesterdə ikinci partlayış təhlükəsi...
Mançester şəhərində növbəti partlayış baş verib. Axar.az xəbər verir ki, məlumatı "Röyter” agentliyi yayıb. Məlumata görə, partlayış "Arndale” ticarət mərkəzində törədilib. Ticarət mərkəzindən insanların təxliyə edildiyi bildirilir.
Eyfel qülləsi yenə işıqları söndürəcək
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar söndürüləcək. Bu barədə Fransa paytaxtının meri Ann İdalqo deyib. O, hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək gecə yarısında qüllənin işıqlarının söndürüləcəyini deyib.
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyə başsağlığı məktubu göndərib. Məktubda vurğulanıb ki, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər Azərbaycanı olduqca sarsıdıb: "Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
XİN: Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb: "Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”.
"İŞİD terroru Avropaya daşımaq niyyətindədir”
"İŞİD özünün regiondakı fəaliyyəti ilə kifayətlənmir, çalışır ki, terroru təkcə Yaxın Şərqdə deyil, Avropa ölkələrinə və digər ərazilərə daşısın”. Bunu Sherg.az-a İŞİD terror təşkilatının ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Avropada terror törətmək İŞİD üçün daha təsirli vasitə kimi görünür: "Çünki İŞİD-in terror törətməsi nəticəsində həmin ölkələr diqqətini Yaxın Şərqdən öz ölkələrinə yönəldirlər. Orada gedən proseslərdən uzaqlaşmağa məcbur olurlar. Daha doğrusu, diqqəti öz daxili təhlükəsizlik sistemini təkmilləşdirməyə yönəldirlər. Əslində İŞİD-in taktikası müəyyən dərəcədə aparılan geosiyasi proseslərdən xəbər verir. İndi bir çox ölkələr səylərini birləşdirir ki, İŞİD-i yer üzündən silsinlər və tamamilə, bu strukturu ləğv etsinlər. Bununla bağlı müəyyən addımlar atılır. Bunların kifayət qədər effektiv olmamasının səbəblərindən biri də bundan ibarətdir ki, İŞİD bu ölkələrə qeyri-proporsional cavab verməyə çalışır.
İŞİD özünə qarşı prosesdə daha fəal iştirak edən ölkələrə daxili xaos və anarxiya elementləri gətirməyə çalışır. Ona görə də əsas məqsəd Yaxın Şərqdəki, Suriyadakı proseslərdən diqqəti yayındırmaq və beləliklə, burada möhkəmlənməkdir”.
İsmayıl