Yevda Abramov: “Tahir Kərimli səhv danışır”
Yevda Abramovla Tahir Kərimlinin sözü çəp gəldi
Tahir Kərimli: “Bahar Muradovadan əvvəlki sədrin dönəmində komitənin işi səmərəsiz olub”
Yevda Abramov: “Tahir Kərimli səhv danışır”
Yevda Abramov: “Tahir Kərimli səhv danışır”
Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin bu ilin yaz sessiyasının qanunvericilik planı ilə bağlı iclası keçirilib. Komitənin sədri, vitse-spiker Bahar Muradova xatırladıb ki, 2016-cı il payız sessiyasında 2 iclası keçirilib: "Bu iclaslarda 5 məsələ müzakirə olunub və 3 qanun layihəsi payız sessiyasının müzakirəsinə tövsiyə edilib. O bildirib ki, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb.
Eyni zamanda, B.Muradova komitə sədri kimi payız sessiyasında 114 nəfəri qəbul edib. Həmçinin, komitənin işçiləri tərəfindən 175 vətəndaş qəbul edilib, onlar dinlənilib. "Milli Məclisin (MM) İnsan hüquqları komitəsi parlamentin qarşıdan gələn 2017-ci il yaz sessiyasında da qanunların müzakirəsini davam etdirəcək. Yəni, dövrümüzün perspektivləri ilə bağlı istər qanunvericilik təşəbbüsü subyektləri tərəfindən, istər də millət vəkillərinin təşəbbüsü ilə parlamentə, o cümlədən, komitəmizə daxil olan qanunların müzakirəsində aktiv rol alacağıq” - deyən B.Muradova bildirib ki, ümumiyyətlə, qanunvericilik bazasının formalaşdırılması prosesində adıçəkilən komitə mühüm rol oynayır: "İstər qanun layihələrinin müzakirəsi, istərsə də, bu və ya digər vacib məsələlərlə bağlı ictimai müzakirələrin, dinləmələrin təşkil edilməsi, keçirilməsi bizim başlıca fəaliyyət istiqamətlərimizdəndir. Bu baxımdan, növbəti yaz sessiyasında da bu məsələlərin parlamentin gündəmində qalması istiqamətində səylərimizi davam etdirəcəyik. Yəni, ictimai müzakirələr, dinləmələrlə bağlı məsələlər bu sessiyada da diqqətimizdə və gündəmimizdə olacaq”.
"Şəhidimizin nəşi ilə bağlı bəyanat qəbul edə bilərik”
İclasda komitə üzvü olan deputatlar da təkliflərini səsləndiriblər.
"Ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub. Çingiz Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Bu məsələ dövlət başçısı İlham Əliyevin birbaşa diqqətindədir”. Bunu millət vəkili Hikmət Məmmədov deyib. Deputat bildirib ki, Ermənistan Çingiz Qurbanovun nəşini Azərbaycana qaytarmağı ləngidir: "Düşünürəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bu məsələ ilə bağlı bəyanat qəbul edə bilərik”. H.Məmmədov 31 mart Azərbaycanlıların Soyqırımı Günü və 20 Yanvar faciəsinin komitənin tədbirlər planına salınmasını təklif edib.
"Bu, Milli Məclisə hörmətsizlikdi”
Komitənin sədr müavini, deputat Yevda Abramov deyib ki, İnsan hüquqları komitəsinə daxil olan müraciətlər aidiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir: "Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir. Bu kimi halların baş verdiyi təqdirdə vətəndaşlar Milli Məclisdən incik düşürlər. Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.
B.Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb: "Dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil. Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.
Deputat: "Onlara lazım olan "iynələri” vururam”
Çıxışını davam etdirən Y.Abramov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında təmsil olunduğu komitə əlindən gələni edir və bu istiqamətdə xeyli iş görüb: "Məsələn, Azərbaycan Prezidenti xaricdən ölkəmizə gələn beynəlxalq yəhudi diaspor nümayəndələri ilə görüşdən sonra onları Qubaya göndərir ki, burada ölkəmizdəki tolerantlıq nümunəsi ilə yaxından tanış olsunlar.
Azərbaycandakı tolerantlıq, taleyüklü məsələlər, Dağlıq Qarabağ, soyqırıma məruz qalmağımızla bağlı məsələlər barədə onları yerindəcə məlumatlandırıram. Deyirəm ki, sizə xaricdə bunlarla bağlı səhv məlumatlar verilir. Ən real və doğru məlumatları bizdən alın. Çünki biz faktla danışırıq”. Deputat deyib ki, onlara bir balaca qəsəbədə 3 sinaqoqun, məscidin, kilsənin fəaliyyət göstərdiyini göstərir: "Bundan əlavə onları xalqımızın soyqırıma məruz qalması ilə bağlı yerə aparıram və onlara yetərincə fakt göstərirəm. Soyqırım muzeyi ilə tanış edirəm. Bu baxımdan onlara lazım olan "iynələri” vururam. Bunu edirəm ki, onlar yalan məlumatlara uymasınlar”.
Deputatlar arasında mübahisə düşdü - "Bura fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?!”
Deputat Tahir Kərimli B.Muradovanın sədrliyindən əvvəl komitənin yaxşı fəaliyyət göstərmədiyini söyləyib. O deyib ki, Bahar xanımdan əvvəlki sədrin dönəmində komitənin işi səmərəsiz olub.
T.Kərimlinin çıxışına həmkarı Yevda Abramov sərt reaksiya verib. Y.Abramov deyib ki, T.Kərimli səhv danışır: "Mən 10 ildən çoxdur bu komitənin sədr müaviniyəm və həmkarım Tahir bəy bizi zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edir. Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?! Biz indiki kimi əvvəl də işləyirdik. Düzdür, Bahar Muradova komitəyə sədr seçilməklə fəaliyyətimizə yeni nəfəs verdi. Amma biz o zaman da fəaliyyət göstərmişik .Ona görə də onun komitəsinin zamanında yaxşı fəaliyyət göstərməməsi ilə bağlı fikirləri ilə razılaşmıram”.
T.Kərimlinin Y.Abramova əks reaksiya vermək istəyinin qarşısı isə alınıb.
Mübahisəyə müdaxilə edən komitə sədri B.Muradova bildirib ki, Milli Məclisdə kiminsə şəxsi münasibətlərini müzakirə etməyə ehtiyac yoxdur: "Hər dövrün öz tələbi var və komitə də dövrünə görə öz fəaliyyətini qurub. Ona görə də bu məsələlərə ehtiyac yoxdur”.
"Sosial mediada xaos var, tənzimlənməlidir”
İclasda internet resursları, xüsusən də sosial şəbəkələri, blogerlər fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunub. Millət vəkili Əflatun Amaşov deyib ki, bu gün dünyada blogerlərlə bağlı fəaliyyət başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilib: "Ona görə də internet resurslarının fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.
Ə.Amaşovun bu təklifi digər millət vəkili Hikmət Məmmədov tərəfindən dəstəklənib. O bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var: "Artıq Türkiyədə də bununla bağlı qanunvericilik bazası hazırlanır. Əgər razılıq olarsa, Əflatun müəllimlə birgə belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərik”.
Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstəkləyərək bildirib ki, bu sahədə xaos var: "Kim nə istəyir, onu yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.
Anar Bayramoğlu