Zabili ölümün pəncəsindən almaq olardı: Özü imkan vermədi

Nicat Dağlar: "Mən şəxsən o prosesin içində olmuşam bilirəm ki..."Elşad Məmmədli: "İrandakı həkim boynuna götürmüşdü ki, 4-5 ay ərzində Zabilin ciyərini bərpa edəcək..."
Fevralın 26-sı gecə saatlarında müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişən tanınmış jurnalist Zabil Müqabiloğlu bu gün torpağa tapşırılıb. O, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub.
Xatırladaq ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Z. Müqabiloğlunun vaxtsız vəfatından məyus olan yaxınları və həmkarları sosial şəbəkələrdə onun fotolarını paylaşıb, ürək ağrısı ilə vida statusu yazıblar. Kimisi onun ölümünə görə dövlət orqanlarını, kimisi də sadəcə özünün günahkar olduğunu qeyd edib. Hətta jurnalisti yaxından tanımayan insanlar belə onun haqqında paylaşımlara laqeyd qalmayıb, öz rəylərini bildiriblər. Rəylərdən bəzisində isə xüsusi vurğulanır ki, Zabil Müqabiloğlunun müalicəsini nəzarətə götürməklə onu ölümün pəncəsindən almaq olardı. Burada isə əsas məsuliyyət onun dostlarının və yaxınlarının üzərinə atılıb ki, Zabilin xəstəliyini ictimailəşdirmək və müalicəsi üçün aidiyyatı qurumlara və ya şəxslərə müraciət etmək lazım idi. Amma nədənsə heç kim belə bir kampaniya başladıb, təşəbbüskarlıq etmədi.
Bu kimi iradlara cavab verən "Azerfax.az” saytının baş redaktoru Nicat Dağlar isə "Şərq”ə açıqlamasında mərhumun özündən başqa demək olar ki, hər kəsin onun sağlıq durumuna adekvat olan tədbirlərin görülməsi üçün əmək sərf etdiyini deyib: 
"Əziz həmkarımızın durumu ilə bağlı mətbuatda məlumatlar yayılandan sonra məsələ ictimailəşdi və Zabil xüsusi nəzarətə götürüldü. Mən şəxsən o prosesin içində olmuşam bilirəm ki, Zabilin səhhətindəki problemi aradan qaldırmaq üçün hansı işlər görülüb. Kim deyirsə ki, Zabil biganəliklə üzləşdi, deməli həmin adam ya məlumatsızdır, ya da qərəzli. Başda Mətbuat Şurası olmaqla media cameəsi, Səhiyyə Nazirliyinin rəhbərliyi, millət vəkilləri və ictimai fəallar Zabilin sağlıq durumuna adekvat olan tədbirlərin görülməsi üçün əmək sərf etdilər. Şəxsən millət vəkili Qənirə Paşayevanın Zabilə doğma münasibət göstərməsinə şahidlik etmişik. Zabil Mərkəzi Neftçilər Xəstəxanasında xüsusi müalicə kursu keçdi, ardınca İrana göndərildi və orada onun müalicəsilə yüksək səviyyəli mütəxəssislər məşğul oldular və müalicə öz müsbət nəticəsini verirdi. Təsəvvür edin ki, məhz həmin müalicənin nəticəsində cəmi 3-4 hüceyrəsi sağlam olan qara ciyərin 20 faizini bərpa etmək mümkün olmuşdu. Həkimlərin sadəcə bir istəyi var idi və əgər Zabil ona əməl etsəydi daha da ciddi nəticələr əldə olunacaqdı. Lakin təəssüf ki, həmkarımız onun üçün müəyyən edilmiş qaydalara riayət etmədi. Bunu hamı bilir. Əslində Zabilin özü ona kömək etməyə imkan vermədi”.
 Zabil Müqabiloğlunun 6 ildir serrozdan əziyyət çəkdiyini vurğulayan "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də Nicat Dağlarla həmfikirdir. O da hesab edir ki, yaxın dostları olan Zabil Müqabiloğlunun məhz zərərli vərdişləri onun həyatına qənim kəsildi: 
"İlk vaxtlar, hansı ki, həmin dövrdə o, "Yeni Müsavat" qəzetində işləyirdi, Zabilin müalicəsi redaksiyanın imkanları hesabına aparılıb, dəfələrlə müalicə olunub. Qəzetin rəhbərliyi daim onun sağlıq durumunun qeydinə qalıb. Bunları bizim çevrəmizdə olan hər kəs bilir. Daha sonra 2014-cü ildə "Yeni Müsavat"dan ayrılıb özünün "Günxəbər.com” saytını yaratdı. Hər gün qarşılaşmadığımızdan 2015-ci ilin əvvəllərində onun səhhətinin yenidən ağırlaşdığını bildik. Əlbəttə, "Yeni Müsavat" olaraq yenə də dərhal ona dəstək olub, mümkün yardımı etdik. Daha sonra dostlar yığışaraq onu İrana müalicəyə göndərdik. İrandakı müalicəsindən sonra səhhəti xeyli düzəldi. Amma bundan sonra o, özünü qorumadı və yenidən 2016-cı ilin sonunda durumu qəfildən ağırlaşdı, kəskin qanaxma ilə xəstəxanaya yerləşdirildi. Həmin dövrdə dostu olaraq mən bir həyəcan təbili çalıb, məsələni mətbuatda işıqlandırdıq". 
Yenə də ilk reaksiya verən Yeni Müsavat" qəzetinin rəhbərliyi, şəxsən Rauf Arifoğlu olduğunu vurğulayan E. Məmmədlinin sözlərinə görə, Rauf bəy dərhal Səhiyyə Nazirliyinə müraciət edib. Mətbuatda bu xəbərlər veriləndən sonra isə Mətbuat Şurasının rəhbərliyi dövlət rəsmiləri ilə əlaqə saxlayıb. Əflatun Amaşov şəxsən Zabil Müqabiloğlu ilə iki dəfə xəstəxanada görüşüb, dövlətin gərəkən bütün dəstəyi verəcəyini bildirib: 
"Qanaxması dayanandan sonra Zabil Neftçilər Xəstəxanasına köçürüldü. Birlirsiniz ki, bura ödənişli xəstəxanadır və orada xərclər dövlət tərəfindən qarşılandı. Bu proseslərin gedişində millət vəkili Qənirə Paşayeva bizə çox ciddi yardımçı oldu, nə gərəkirsə etdi, daim maraqlandı. Neftçilər xəstəxanasındakı müalicədən sonra Zabilin səhhəti nisbətən düzəldi və son olaraq bildirildi ki, Zabil üçün donor tapılmalı və qaraciyər transplantasiyasına hazırlıq başlanmalıdır. Bu çox uzun bir prosesdir və heç də həmişə uyğun donor tapmaq mümkün olmur. Bir neçə şəxs Zabil üçün donor olmaq istədi, amma tibbi göstəricilər uyğun gəlmədi. Bundan sonra 2016-cı ilin dekabrında onu İranda əvvəl müalicə etmiş çox savadlı həkiminin yanına göndərməyə qərar verdik ki, ciyərini heç olmasa möhkəmləndirsin. İrana gedərkən tələb olunan vəsaitin toplanmasında da Qənirə xanım, Əflatun bəy bizə dəstək oldular, həmçinin xalq yazıçısı Anar da öz maddi dəstəyini göstərdi. İrandakı həkim boynuna götürmüşdü ki, 4-5 ay ərzində Zabilin ciyərini bərpa edəcək və ona donor köçürülməsinə də ehtiyac qalmayacaq. Müalicə başlandı və bu il yanvarın ortalarında artıq Zabil yaxşı durumda idi. Lakin təəssüflər olsun, bir qismət deyilən anlayış və var: Zabil yenə də özünü qorumadı, zərərli vərdişləri ucbatından müalicənin effekti olmadı. Bu durumunda ona nə qaraciyər köçürmək mümkün idi, nə də ciyarəinin bərpa olunması mümkün olmadı. Təəssüf ki, özünü qorumaması səbəbindən bu faciəni yaşadıq”. Bütün bu müddət ərzində cəmisi bir neçə nəfərlə Zabil üçün çarpışdıqlarını deyən E. Məmmədli dövlətin yetərincə qayğı və diqqət göstərdiyini deyib:
 "Son olaraq mən Qənirə Paşayeva ilə fevralın 24-də danışdım. Bilirdim ki, Zabilin durumu özünü qorumaması səbəbindən kritikə doğru gedir və müalicənin də effekti olmur. Biz belə qərar gəlmişdik ki, fevralın 27-də onu öncə zərərli vərdişdən xilas etmək və müalicəsini bundan sonra davam etdirmək üçün onu müvafiq dispanserə yerləşdirək. Qənirə xanım dərhal Səhiyyə Nazirliyi ilə danışdı və Zığdakı dispanserə tapşırıq verildi. Sonarkı günlər şənbə-bazara düşüdüyündən Zabili martın 27-də, yəni həftəninn birinci günü həmin dispanserə yerləşdirməli idik. Lakin o, son 3 gün ərzində də sanki özünə qəsd etdi və bəlkə də getmək istədiyi yerə tələsdi... Çox heyiflər olsun, biz bir ziyalını, dəyərli jurnalisti beləcə itirdik. Bu gün feysbukda dövləti və onun çevrəsini qınayanlar isə özlərinə sual versinlər: - Zabilin 6 il müddətində xəstə olduğu vaxtlarda bircə dəfə ona baş çəkdilər, bir yardım göstərdilər mi? İlk gündən son anına qədər Zabilin yanında olan adam kimi deyim, yox, biz onları bu 6 ildə görmədik. Hər kəsə təşəkkürlər və artıq bundan sonra nəsə danışmağın da mənası yoxdur...”.
Şəymən