Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.
Sherg.az xəbər verir ki deputat Vahid Əhmədov deyib ki, ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə edilir. Onun sözlərinə görə, ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırıb:
"Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmadı. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə edilib. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur. Bu problemlidir”.
Müzakirə zamanı millət vəkili Zahid Oruc xatırladıb ki, milli valyutaya ehtiyatını gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb. Deputat söyləyib ki, iqtisadi vəziyyətdəki problemləri, çətinlikləri siyasilər də, dövlət rəhbərliyi də etiraf edir. Burada elə bir qəbahət yoxdur. Çünki bizdəki vəziyyət dünyada gedən proseslərin nəticəsidir. Devalvasiya prosesinin başlandığı 2015- ci ildən Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard azalıb. Əgər biz maliyyə sabitliyinin bərpasından danışırıqsa, uçot dərəcəsinə baxmalıyıq”. Millət vəkili deyib ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verib: "Vətəndaş da bu halda etiraz olaraq özünü yandırır. İnsanlar hüquqi müstəvidə özünün müdafiəsinə görmür. Axı ola bilməz ki, 100 min insandan hamısının müraciətinə bankların xeyrinə qərar çıxarılmış olsun. Hesab edirəm ki, yoxsulluq faizinin hesablanma metodu ilə bağlı dəyişikliklər də edilməlidir”.
Deputata cavab verən Milli Məclis sədri Oqtay Əsədov ona irad bildirib: "Zahid müəllim, danışığından belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o da millətə qarşı qərar çıxardıb? Bu nə deməkdi? Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.
Anar