Ancaq jurnalistlər hazırladıqları materialı redaksiyalara baha qiymətə sata bilmirlər
Zaman aparır, gəlir çox azdır
Araşdırma jurnalistikasının cəmiyyətə təsir gücü daha üstündür
Ancaq jurnalistlər hazırladıqları materialı redaksiyalara baha qiymətə sata bilmirlər
Ancaq jurnalistlər hazırladıqları materialı redaksiyalara baha qiymətə sata bilmirlər
Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan, daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də, bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi bilikləri çox vacibdir. Hazırda müasir jurnalistika media sahəsində illər boyu mövcud olmuş bir sıra metod və formalardan imtina edərək dövrə uyğun olaraq yeni tərzdə fəaliyyət göstərməyə başlayıb.
Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb.
Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu.
Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil.
Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir.
Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil
Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma-jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.
Mövzu ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, mediada araşdırma yazılara həmişə ehtiyac olub və indi də var. Amma ekspertin fikrincə, hərtərəfli araşdırma aparmaq istəyən jurnalistlər çox azdır:
"Ona görə yox ki, hazırda peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan qələm sahibləri arasında araşdırma aparmağa qadir imza sahibləri azdır. Əsas səbəb odur ki, jurnalistlər araşdırıb ortaya çıxardığı "məhsulu” redaksiyalara baha qiymətə sata bilmirlər. Azərbaycan mətbuatında araşdırma yazılarının sayının azlığının əsas səbəbi KİV-lərin maddi-texniki bazasının zəif olmasıdır. Hansısa problemi araşdırmaq gərgin zəhmət və zaman tələb edir. Biz zəhmətkeş ola bilərik. Amma əlimizdəki işi tamamlamağa vaxtımız yoxdur. Bilirsiniz, yaxşı bir araşdırma materialı hazırlamaq üçün bəzən 2-3 ay vaxt tələb olunur. Tutaq ki, mən ömrümün iki-üç ayını bir mövzunu araşdırmağa sərf etdim. Sizcə, hazırladığım məhsulu redaksiyalara neçə manata sata bilərəm? Jurnalistin iki-üç aylıq zəhmətinin bəhrəsi olan məqaləyə 3 min manat təklif edən redaksiyalarımız varmı? Əlbəttə ki, yoxdur. Buna görə də araşdırma mövzularına maraq da azdır”.
S.Verdizadə bildirib ki, problemin başqa bir səbəbi isə mənbələrin jurnalistlərin üzünə qapalı olmasıdır:
"Araşdırma aparan jurnalist ona lazım olan məlumatları müvafiq qurumlardan maneəsiz əldə etməlidir. Bizim ölkəmizdə isə əksər dövlət qurumlarının mətbuat xidmətləri KİV-lə işləməyə bir o qədər də həvəsli deyillər. Mühüm qurumların hamısında jurnalistlərin mənbələri olmalıdır. Məsələn, bir də görürük ki, hansısa nüfuzlu KİV Pentaqondakı mənbələrinə istinadən mühüm bir məlumat yaydı. Həmin məlumatın səhihliyinə şübhə etmək bizim ağlımıza da gəlmir. Amma Azərbaycan jurnalistləri nəinki Müdafiə Nazirliyindəki, hətta Mədəniyyət və Turizm Nazirliyindəki mənbəyə istinadən məlumat yayanda, aləm biri-birinə dəyir. Dərhal həmin nazirliyin rəhbər şəxsləri "satqın axtarışı”na çıxırlar. Bu cür hallar araşdırma yazıların araya-ərsəyə gəlməsini əngəlləyir.
Azərbaycan oxucusu səviyyəlidir. Ona sanballı araşdırma yazıları təqdim etsən, mütləq oxuyacaq. Sadəcə olaraq, jurnalistləri bu işə həvəsləndirmək lazımdır”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də deyib ki, araşdırma jurnalistika kütləvi informasiya vasitələrinin mühüm janrlarından hesab olunur:
"Jurnalistikanın aparıcı janrlarından olan xəbərçilik indiki dövrdə üstünlük təşkil edir. Bu da təsadüfi deyil, artıq insanlar adətən qısa xəbərlər arxasınca qaçırlar. Çalışırlar ki, ətrafda baş verənlər haqqında daha tez və asan yolla xəbər tutsunlar. Buna görə də ölkəmizdə jurnalistlərin böyük əksəriyyəti məhz xəbər yazıb, yaymaqla məşğuldurlar. Çünki oxucu auditoriyası toplamaq üçün tələb olunan şərtlərə əməl etmək lazımdır. Məsələnin bu tərəfi normaldır. Amma unudulmamalıdır ki, araşdırma jurnalistika elə bir janrdır ki, bu sahə bütöv cəmiyyətləri silkələmək gücündə olur. İndi fikir verirsiz, ABŞ-dan üzü Avropaya, hətta Uzaq Şərqi Asiya ölkələrinə qədər minlərlə xəbərlər, informasiyalar yazılır, lakin heç kəsi silkələmir. Amma bir anda hansısa araşdırma yazı ortaya çıxır və bu yazı bütün dünyanın diqqət mərkəzində olur. Ona görə ki, araşdırma yazılarda konkret olaraq ictimaiyyət üçün maraqlı olan məsələlər, hadisələr detallarına qədər araşdırılır və ictimaiyyətə təqdim edilir. Nəticədə qlobal ajiotaj yaranır. O baxımdan araşdırmaçı-jurnalistika əslində xəbər mediasından heç də geri qalmır. Bəzi hallarda isə hətta irəli keçir”.
A.Həsrət bəyan edib ki, bu janrın Azərbaycan mətbuatında arxa planda olmasının səbəbləri müxtəlifdir:
"Araşdırma jurnalistikası çox mürəkkəb sahədir. Bu janr sadəcə xəbər yazma vərdişləri ilə yekunlaşmır. Həmin sahədə çalışmaq üçün jurnalistdən daha üstün bilik və təcrübə tələb olunur. Yəni jurnalistin araşdırmaq istədiyi, yaxud araşdırdığı mövzu ondan daha hazırlıqlı və çevik olmasını istəyir. Əlbəttə, indiki dövrdə hər bir jurnalistdən xüsusi çeviklik gözləmək mümkün deyil. Elə media nümayəndələri var ki, onlar xəbər əldə etməkdə daha bacarıqlıdırlar. Amma araşdırma janrında bacarıqları kifayət etmir. Çünki bu sahədə əlavə xüsusiyyətlər tələb olunur. Sırf bu səbəbdən araşdırma jurnalistika digər janrlardan bir qədər geri qalır. Amma hər bir halda bu janrın cəmiyyətə təsir gücü xəbər jurnalistikasından daha üstündür”.
Araşdırmaçı-jurnalist Dilqəm Əhməd isə deyib ki, indi vətəndaşların zamanı o qədər azdır ki, onlar geniş araşdırma yazıları oxumağa meyilli deyillər:
"Oxucular informasiyanı sosial şəbəkələrdən almağı daha rahat hesab edirlər. Həm də, əvvəlki kimi oxuculuq qabiliyyəti yoxdur, saytlar yeni yarandığı vaxtlardakı nüfuzlarını itiriblər. Digər tərəfdən etiraf edilməlidir ki, oxucuların intellektual səviyyəsi bəzi jurnalistlərdən daha çoxdur. İndiki oxucunu təəccübləndirmək çox çətindir. Az qisim jurnalist xarici dil bilir”. Jurnalist onu da vurğulayıb ki, ölkəmizdə araşdırma aparmaq bir çox hallarda problemli olur: "Dövlət qurumlarından real məlumatlar almaq çətindir. Bəzi qurumlarla isə ümumiyyətlə əlaqə qurmaq mümkün deyil. Amma bütün hallarda mən daha çox bu janrla məşğul olan jurnalistlərin zəif olduğunu düşünürəm. Fikrimcə, elə sahələrdə araşdırma aparmaq olar ki, hər gün gündəm yaranar”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb