Zamana ehtiyac var

Qəbul imtahanlarıyeni modelin tətbiqi effektli ola bilər
2019-cu ildən etibarən qəbul imtahanları yeni model əsasında həyata keçiriləcək.
XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.
Təhsil naziri Ceyhun Bayramovun izahına görə, imtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Yeni modelin mahiyyətini açıqlayan C.Bayramov əlavə edib ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. 
Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.
Ekspertlər tətbiq olunacaq yeni modelin gələcəkdə həm müəllim, həm də şagirdlər üçün faydalı olacağına inanır. Hesab edirlər ki, yeni imtahan modeli abituriyentlərə qeyri-müəyyənliyin gətirdiyi çaşqınlıqla bərabər, yeni fürsət imkanı da verəcək.
Təhsil qaydalarının tez-tez dəyişməsinin əleyhinə olduğunu deyən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bizim tətbiq etdiyimiz qaydalar arzuolunan effekti vermir. Ona görə də qaydaların dəyişdirilməsi və optimallaşdırılması istiqamətində iş getməlidir. Bu qiymətləndirilmə sistemi ta oturuşana qədər, təkmilləşmə prosesi qaçılmazdır. 
Bununla belə ekspert qiymətləndirmə zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasını yeni modelin müsbət cəhəti kimi dəyərləndirib: 
"Bu model gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirməkdə, abituriyentin ali məktəbə qəbulunu təmin etməyin mümkünlüyünə imkan verəcək. Bunlar hamısı eksperiment xarakterli tədbirlərdir. Təbii ki, bunlar birmənalı qarşılana bilməz".
 Ekspertin fikrincə, həm orta məktəb biliklərinin nəzərə alınması, həm də qəbul imtahan nəticələrinin əsas götürülüb ümumi bir nəticə çıxarılması sistemi tam oturuşana qədər dəyişikliklər qaçılmaz olacaq:
 "Görünür, dəyişiklik prosesi hələ uzun müddət davam edəcək. Hələ tam kütləvi təmayülləşməyə, 12 illik təhsilə keçmə məsələlərimiz var və bunlar yeni xarakter alacaq. Hesab edirəm ki, biz yalnız bu qayda ilə kifayətlənən deyilik. Hərçənd, bu qaydaları tam təkmil hesab etmək olmaz, amma köhnə qaydalarla müqayisədə şübhəsiz ki, bunlar irəliyə addımdır. Orta məktəbi "əla" qiymətlərlə bitirən şagird ali məktəblərə qəbul imtahanlarına "3"ə bərabər nəticə göstərir. 
Bu zaman da Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzini, DİM də orta məktəbləri "günah keçisi" elan edir. İstənilən halda isə hər iki imtahandan birində qeyri-obyektivlik var. Yeni model məhz bu cəhətdən faydalıdır ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınacaq. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynayacaq".
Millət vəkili Fazil Mustafa da tətbiq olunacaq yeni modelin gələcəkdə abituriyentlər üçün faydalı olacağına inanır. Sadəcə, deputat yeni modelin özünü təsdiq üçün zamana ehtiyacı olduğunu düşünür: "Yeni model uzun axtarışlardan sonra Azərbaycan təhsil sistemində tətbiq ediləcək. Bu mənada effektiv olacağını ehtimal etmək olar, amma birmənalı proqnoz vermək bir az çətindir. Bilirsiniz ki, zaman-zaman kurikulumla bağlı məktəblərdə müəyyən problemlər yaşandı. Bu sistem Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasına kömək olmadı".
Təşəbbüs olaraq yeni modelin tətbiqini müsbət dəyərləndirən millət vəkili hesab edir ki, təhsilimizə fayda gətirəcək metodika növünü tapmaq üçün bu cür axtarışlar olmalıdır: 
"Sadəcə, bəzən sistemin düzgün qurulmaması praktikada müəyyən problemlər yaradır və nəticə gözləntiləri doğrultmur. Sistem olaraq yeni model çox gözəl üsuldur. Qəbul qaydaları ilə bağlı həyata keçirilən yeniliklər zamanı obyektiv qiymətləndirmənin olub-olmaması mütəxəssislərdən asılı olacaq. Əgər yeni sistem keyfiyyətli təhsilə yol açacaqsa, bu, savadlı kadrların yetişməsinə gətirib çıxaracaq".
Şəymən