Ziddiyyətlər hər gün dərinləşir

" ABŞ Qarabağ münaqişəsinin Rusiya ilə birgə həllində maraqlı deyil"
"Ağ Ev çalışacaq ki, regionda Rusiyasız dəyişikliyə imza atsın"




"ABŞ-ın Rusiya ilə kardinal fikir ayrılıqları bu ölkəni Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda saxlayır. Qarabağ münaqişəsinin həlli prosesində fəallıq edən həmsədr, məhz Rusiyadır”. 

Bunu "Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Kremlin irəli sürdüyü şərtlər Moskvanın Cənubi Qafqazda dayanıqlığını təmin etmək məqsədi daşıyır: 

"Dünyanın iki nüvə ölkəsi olan ABŞ və Rusiya arasında dərinləşən problemlər iki ölkənin konfliktlərin birgə həllində əməkdaşlığını mümkünsüz edir. Vaşinqtonun Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməsi, Suriya və Şərqi Avropada hərbi-siyasi toqquşma riskləri hər keçən gün daha da təhlükəli hal almaqdadır. 

Ötən ay Helsinkidə Tramp və Putin görüşü də iki dövlət arasında artmaqda olan problemlərin həllinə yaşıl işıq yandırmadı. Bu onu göstərir ki, yaxın perspektivdə Kreml və Ağ Ev kompromislərə getməyəcək. Çünki, Rusiya beynəlxalq nüfuzunu bərpa etmək planını həyata keçirir. ABŞ isə Rusiyanın bu planının qarşısını almaq üçün sanksiyalarını genişləndirir. 

Davam edən problemlər fonunda prezidentlərin Helsinki görüşü kimi, bundan sonrakı mümkün təmasları da nəticəsiz olacaq”.

Ekspert vurğulayıb ki, ABŞ dövlət katibi Pompeo Rusiya ilə xarici siyasətdə maraqların və dəyərlərin fərqli olduğunu bildirib: 

"Əgər iki ölkənin maraqları və dəyərləri fərqlidirsə, onda regional və beynəlxalq münaqişələrin həlli üçün yaradılan formatlarda necə əməkdaşlıq edə bilərlər? Suriyada və Şərqi Avropada Ağ Ev və Kreml hərbi toqquşma riski ilə üz-üzədir. Bundan əlavə, Vaşinqton Rusiyaya qarşı iqtisadi müharibə aparır. Bu iqtisadi müharibə Rusiyanı ciddi şəkildə zəiflədir, milyardlarla vəsait itkisinə məruz qoyur. Rusiyanın bu itkiləri onun hər hansı bir müharibədə itirdiklərinə bərabərdir. Məhz belə olan təqdirdə, Qarabağ konflikti üzrə iki ölkənin "Minsk Qrupunda” birgə fəaliyyəti mümkünsüz hala gəlir. 

Minsk formatı hazırda ölü bir format kimi öz mahiyyətini itirib. Bir neçə il bundan əvvəl, iki ölkə müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilirdisə, hazırda bu, qeyri-mümkündür”. 

M.Əsədullazadəyə görə, ABŞ Qarabağ münaqişəsinin Rusiya ilə birgə həllində maraqlı deyil: 

"Ağ Ev çalışacaq ki, regionda Rusiyasız dəyişikliyə imza atsın. Bunu da region ölkələri ilə əməkdaşlıq çərçivəsində edəcək. Suriya və Şərqi Avropa məsələlərinə baxmayaraq, Cənubi Qafqazdakı münaqişələrin həlli ABŞ üçün pioritet olaraq qalmaqdadır”.

İsmayıl