“Ona ailənin nə olduğu başa salmayıb, qulağına nağıllar oxumaqla ərə verirlər”
“15 yaşında evlənmək həyatla döyüşə bir neçə il erkən başlamaq deməkdir”
“Hər nə qədər xoşbəxt olun diləkləri ilə ərə veriləslər də, qızlar bilməlidirlər ki, onları ər evində şahzadə həyatı yox, bir ailənin qayğılarını öz əllərinə almaq gözləyir. Buna hazırdırmı?!”
Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Təəssüf ki, hələ də qızlarımızın erkən yaşda ərə verilməsi hallarına rast gəlirik. Valideynlərin polisə izahat üçün aparılması əslində çox yaxşı haldır ki, bəlkə bu yolla digərləri də ağıllanıb dərs götürərlər.
Hadisəni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, adətən ailələr qızlarını tez ərə verməklə hansısa yükdən qurtulduqlarını düşünürlər:
“Birini ittiham etməzdən öncə yadıma qədim bir rəvayət düşür. Ədaləti ilə ad çıxarmış bir hökmdar yaşlanır və taxtını vəliəhdinə buraxmazdan öncə onu sınamaq istəyir. Tapşırır ki, bir neçə gün xalqdan gələn şikayətləri o qəbul etsin, qərarlar çıxarsın. Özü də oturur oğlunun yanında sakitcə dinləyir. Bir gün iki nəfər dava ilə hüzura gəlir. Birisi deyir ki, bu adam mənim 10 qoyunumu oğurlayıb. Hökmdarın oğlu dinləyib dərhal qərar verir ki, həmin şəxs 10 qoyunu geri versin. Bunlar çıxıb gedəndən sonra atasından adil olub olmadığını soruşunca adil hökmdar deyir ki, böyük yanlış etdin. Birincisi , ikinci şikayətçiyə söz haqqı vermədin, ikincisi də ki, o oğurluq etmişsə belə, nə üçün oğurladığının səbəbini araşdırmadın. Bəlkə, onu buna sövq edən dərin səbəbləri var idi. Ümumiyyətlə, baş verən bütün hadisələrin bir səbəbi var, o cümlədən 15 yaşlı qızın ərə verilməsinin də dərin kökləri olmamış deyil. İnanmıram ki, o qız hansısa yaxşı təmin olunmuş bir ailədə yaşayır. Bu yaşda qızı ərə verən ailə adətən onun imkanlı bir ailədə yaşayıb gələcəyinə gün ağlamasını istəyirlər. Onu hansısa bir sənət, peşə sahibi olmadan ərə verirlərsə, evdə yiyən ağızın birinin azalmasını istəyirlər. Əlbəttə, bunlar ehtimallardır”.
İ.Rəsulovanın sözlərinə görə, düşüncə tərzimiz dəyişilməlidir:
“Azyaşlı qız alıb təmiz bir gəlinə sahib olmaqla onu öz tərbiyəsi altında böyütmək istəyən oğlan evi anlayışı da var. Cərimə etmək ən asan yoldur. Cərimə ilə canını qurtaracağını bilən hər kəs xətalı addımdan çəkinməz. Düşünürəm ki, ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işi daha fərqli qurulmalıdır. Problemi olan uşaqlar, yeniyetmələr qaynar xətlə istədikləri vaxt zəng edib dəstək ala bilməlidirlər. Avropa ölkələrində olduğu kimi buna qanunlar çərçivəsində dərhal reaksiya verilməlidir. 15 yaşlı yeniyetmənin ürəyi, ağlı yaşının gərəkcəsi ilə fərqli döyünür, fərqli düşünür. Ona ailənin nə olduğu başa salmayıb, qulağına nağıllar oxumaqla ərə verirlər. Ailəni qurmaq asan, qorumaq çətindir. 15 yaşında evlənmək həyatla döyüşə bir neçə il erkən başlamaq deməkdir. Hər nə qədər xoşbəxt olun diləkləri ilə ərə veriləslər də, qızlar bilməlidirlər ki, onları ər evində şahzadə həyatı yox, bir ailənin qayğılarını öz əllərinə almaq gözləyir. Buna hazırdırmı? Və bunu bilən valideyn gözünü yumub övladını bu çətinliyə öz əliylə itələyirsə, sadəcə kamil düşünə bilmir”.