Ağdərə, Xocalı və Xocavəndin kəndlərinə çatan ailələrə mənzillərin açarları verilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, doğma yurda qayıdan 73 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib.
***
13:15
Ağdərə, Xocalı və Xocavəndə yola salınan köç karvanları mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında yola salınan 73 ailədən 271 nəfər mənzil başına çatıb. Daha sonra onlara sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, bu günkü köç mərhələsində Ağdərə rayonunun Vəngli kəndinə 10 ailədən 42 nəfər, Çıldıran kəndinə 15 ailədən 49 nəfər, Kolatağ kəndinə 2 ailədən 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə olmaqla 1 nəfər köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə 7 nəfər, Xanyurdu kəndinə 9 ailə 32 nəfər, Xanabad kəndinə isə 8 ailə olmaqla 33 nəfər çatıb.
Eyni zamanda Xocavənd şəhərinə köçürülən 7 ailədən 30 nəfər, Quzeyxırman kəndinə qayıdan 17 ailədən 71 nəfər də mənzil başına çatıb.
Ağdərə və Xocalıya köçənlərin açarları Xocalıda təqdim ediləcək.
***
06:27
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf xəbər verir ki, Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndləri, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndləri, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər, Xocavənd şəhərinə 7 ailə - 30 nəfər, Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə - 71 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.