"Təhlükə təkcə yanğının törədilməsində deyil. Başqa bir istənilən maraq da bədbəxt hadisələrlə nəticələnə bilər. Azyaşlının özünü müdafiə etmək iqtidarında olmadığını nəzərə almaq lazımdır. O, yanğın törətməklə bərabər, həm də masanı, stulu üzərinə aşıra, məhəccərdən yıxıla, müxtəlif avadanlıqlarla özünə xəsarət yetirə bilər. Alışqan, kibrit və sair kimi təhlükəli əşyalar uşaqlar üçün əlçatan olmamalıdır. Əslində uşağı mətbəxdən mümkün qədər uzaq tutmaq lazımdır. Çünki evin bu hissəsində təhlükə daha çoxdur. Yəni analoji halların baş verməməsi üçün ilk növbədə şərait yaradılmamalıdır. Şərait yaradılsa, hadisə də olacaq".
"İndi hər evdə onlarca texniki avadanlıq, o cümlədən bir neçə televizor, kompüter, qabyuyan, paltaryuyan maşınlar var. 10-15 il əvvəl belə deyildi. Çəkilən kabel xətləri elektrik yükünə tab gətirə bilirdi. Ancaq dövr dəyişdikcə, kabel xətləri yenilənmədi. Son vaxtlar qısa qapanmaların tez- tez olmasının əsas səbəbi də kabel xətlərinin elektrik yüklənməsinə tab gətirə bilməməsidir. Bu səbəbdən də müntəzəm olaraq həmin xətlər yoxlanılmalı, istismar müddətinə nəzarət edilməlidir".
"Bəzən məhəccərdə siqaret çəkir, kötüyü aşağı atırlar. Əlbəttə, bu, real təhlükədir. Hətta məhəccərdə kabab bişirənlər də var. Deməyim odur ki, elementar görünən məqamlara belə, həssas yanaşmaq lazımdır. Həmçinin tikinti materiallarını diqqətlə seçmək əsas şərtdir. Hər tikinti şirkətinə etibar etmək olmaz. Çünki ucuz və keyfiyyətsiz materiallardan istifadə edənlər də az deyil. Ümumiyyətlə, mənzillərdəki təhlükəsizlik tədbirləri kompleks yanaşma tələb edir".