“Kövsəc bayramını unutmuşuq, yadların bayramına qucaq açmışıq” - Mütəxəssis

  • Cini-şeytanı məmləkətə dəvət etməkdənsə, milli bayramlarımızı yaşadaq!

Okeanın o tayından gələn “Cadılar bayramı”nın paytaxtımızda qeyd edilməsi milli bayramlarımıza bir daha, daha diqqətlə və hörmətlə yanaşmağın, milli yaddaşımızı oyatmağın zəruriliyini ortaya qoyur.

Yadların “qana bulaşmış”, aqressiya və qəddarlıq məzmunu daşıyan, “ölülərə” həsr olunan əcinnə bayramına əhalimizin bir qismində bu qədər maraq yaranırsa, niyə milli köklərimizə qayıdaraq dirilik, təbiət və həyatla bağlı, mərhəmət, şəfqət, saflıq, halallıq, ruzi-bərəkət məzmunu daşıyan, sevinc və şənlik motivləri üzərində qurulan milli bayramlarımızı yada salıb qeyd etməyək?!

Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın pedaqoq, etnoqraf-arxeoloq Zaleh Novruzovun “Kövsəc bayramı” haqqında məqaləsini paylaşıb. Bu bayram payızın ortalarında, qış ərəfəsində keçirilirmiş. Onun mahiyyəti bol məhsul yığımından sonra qışa hazırlıqla bağlıdır.

Sherg.az-a açıqlamasında Könül Aydın bildirib ki, Azərbaycan xalqı əsrlər boyunca təbiətlə həmahəng yaşamağı bacarıb, hər fəsil dəyişikliyini həyatın davamı və daha xoş günlərin müjdəçisi kimi qəbul edib, xüsusi günlərdə bayram şənlikləri keçirib. Bu bayramların hər birinin məhz milli ruhla səsləşən özünəməxsus personajları olub:– Düşünürəm ki, il ərzində əyləncəli, şən günlərimizin sayını qədim milli bayramlarımızı təqvimə daxil etməklə də artıra bilərik. Qarşıdan Zəfər bayramı ilə yanaşı, Kövsəc bayramı da gəlir. “Kövsəc” və ya klassik variantda “Kuse” adlanan bu bayram payızın ortalarında keçirilir.

“Kövsəc” və “Kovsec” fars mənşəli sözlərdir. Sözün fars dilindəki orijinalı “kuse”dir və “saqqalsız”, “seyrək saqqallı” və ya “kosa” mənasını verir. Ərəb və farsdilli mənbələrdə, eləcə də Azərbaycan folklorunda bu söz həm “kosa” personajını, həm də payızın sonunda qışı qarşılamaq üçün keçirilən qədim mərasimi ifadə edir.

Novruz bayramında da Kosa obrazı var. O, qışı təmsil edir. Bu bayramlar arasında sıx əlaqə və bağlılıq mövcuddur. Milli yaddaşımızı oyatsaq, yaxşı olar. Balqabağımız bol, narımız, heyvamız boldur. Üzüm istəyənə də nə qədər desən, müxtəlif sortlarda üzüm var. Allahın nemətlərini xatırlayıb şükür etmək yaxşıdır, yoxsa cini-şeytanı məmləkətə dəvət edib küçələrə tökmək?

K.Aydın etnoqraf-arxeoloq Zaleh Novruzova istinadən qədim Kövsəc bayramı haqqında məlumatları da təqdim edib:

– Z.Novruzov yazır ki, qədim zamanlarda payız-qış dövründə fəsillərin başlanması və yarılanması müxtəlif mərasimlərlə qeyd edilib. Mehrican – məhsul bayramı, payızın bir ayı tamam olanda; Kövsəc – payızın yarı olması; Çillə – qışın başlaması; Xıdır Nəbi və Səddə bayramları – qışın yarı olması; Novruz isə baharın gəlişi ilə bağlı olub. Belə bir ardıcıllıq mövcuddur.

Payızın başlanğıc dövründə ilk keçirilən mərasimlərdən biri “Məhsul bayramı”dır. Qədim dövrlərdə müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram “Mehrikan” (Mehrican) adlanır. Məhsul (Mehrican) bayramı oktyabr ayının ikinci yarısında keçirilir. Müxtəlif mənbələrdə bu tarix nisbətən fərqli göstərilir.

Artıq unudulan, haqqında çox az məlumatımız olan mərasimlərdən biri də Kövsəcdir. Bu mərasimin keçirilməsi haqqında yazılı mənbələrdə çox az məlumata rast gəlinir.

Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə də diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) Qasım (qış) noyabrın 8-də, Xızır (yaz) isə mayın 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il martın 14-dən hesablanır və hazırda 1442-ci ildir. Buradan aydın olur ki, Kövsəc bayramı noyabrın 5-8-də, payızın yarılanması və qışın – Qasım ayının başlanması ərəfəsində keçirilib.

Deməli, Kövsəc bayramında gənclərdən biri əlində tükləri yonulmuş quş tutur. Bu, qarşıdan gələn qışı təcəssüm etdirir. Digər əlində isə yelpik tutur və özünü yelləyir. Bunun mənası belədir: qarşıdan soyuq, şaxtalı qış gəlsə də, biz üşümürük, çünki qışı qarşılamağa hazırıq, bol azuqə toplamışıq.

Bizim milli, el bayramlarımızın hər birinin dərin mənası, məramı, ideyası və məqsədi var.