ABŞ-da siyasi zəlzələ gözlənilir: Tramp Konqresə nəzarəti itirə bilər

  • Bu seçki Trampın siyasi gələcəyini müəyyənləşdirəcək

ABŞ-da Konqresin tərkibinə və Prezident Donald Trampın siyasi gündəliyinə təsir göstərə biləcək aralıq seçkilərdə səsvermə başlayıb.

Sherg.az xəbər verir ki, milyonlarla seçici Nümayəndələr Palatasının bütün 435 üzvünü, eləcə də Senatın 100 yerindən 35-ni müəyyənləşdirmək üçün səs verir.

İlkin məlumata görə, səsvermə ölkənin bir sıra ştatlarında yerli vaxtla saat 06:00-da başlayıb. Montana, Nebraska, Nyu-Meksiko, Yuta, Vayominq və Koloradoda da seçki məntəqələri açılıb.

Seçkilərdə əsas müzakirə mövzuları iqtisadiyyat, İranla müharibə, miqrasiya siyasəti, süni intellekt və məlumat mərkəzləridir. Xüsusilə inflyasiya və yanacağın bahalaşması seçicilərin diqqət mərkəzindədir.

RealClearPolitics platformasının sorğular əsasında hazırladığı mənzərəyə görə, Senatda Demokratların 47, Respublikaçıların isə 44 yer qazanacağı ehtimal olunur. Qalan 9 yerdə rəqabət davam edir. Senatda 50-50 bərabərlik yaranarsa, vitse-prezident JD Vensin həlledici səsi Respublikaçılara üstünlük qazandıra bilər.

Nümayəndələr Palatasında isə 218 yer çoxluğu təmin etmək üçün kifayətdir. Platformanın proqnozuna əsasən, Demokratların 227, Respublikaçıların isə 180 yer əldə edəcəyi gözlənilir.

Səsvermənin nəticələri Konqresdə siyasi qüvvələr nisbətinin necə dəyişəcəyini və Tramp administrasiyasının qarşıdakı dövrdə qanunvericilik gündəliyini hansı şəraitdə həyata keçirəcəyini müəyyənləşdirəcək.