Bu düşüncə bizim cəmiyyətə hakim olmalıdır
"Cəmiyyətin hər bir üzvü, hər bir fərd ictimai yerlərdə düzgün davranış tərzini bilməli və normaları aşmamalıdır"
Etik qaydaları, ictimai yerlərdə düzgün davranış tərzini bilməyənlər, təəssüf ki hələ də var. Və az da deyillər. Birisi yolda avtomobilin “podpresi” üzərinə uzanır, hərəkəti iflic edir, digəri metroda fövqəladə hallar üçün nəzərdə tutulan “maşinistlə təcili əlaqə” düyməsini lazımsız yerə basır, məzələnir, bir digəri qoçuluq edib bilərəkdən avtomobilini başqa birisini maşına çırpır.
Toyda spirtli içkini qədərsiz içib, sonra da çıxıb dalaşan, istirahət parklarını zibilxanaya döndərən, çırtladığı günəbaxan tumunu küçəyə səpələyən... Hə cür insan var aramızda. Etikadan kənar davranışlar, ictimai qaydalara saymazyana münasibət nədən qaynaqlanır, səbəb nədir? Sanki qayda pozmaq qaydaya çevrilib. Niyə?
Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu kimi davranışlar cəmiyyətdə normadan kənar davranışların kütləviləşməsinin göstəricisidir:
- Xanımın avtomobilin qarşısını kəsərək tıxac yaratması fərdi davranışların kütləvi problemə çevrilməsindən xəbər verir. Bir fərdin problemi sadəcə onun özünə aid olmayıb, həm də cəmiyyəti maraqlandıran məsələdir. Çünki fərd özü cəmiyyətin ayrılmaz üzvüdür və digər insanların müəyyən mənada təsirləri ilə formalaşmış şəxsiyyətə çevrilir. Valideyn-övlad, fərd-cəmiyyət münasibətlərində, bəşəri səviyyədə bütün bu proseslər bir-birilə sıx bağlıdır. Cəmiyyət olaraq bu məsələlərdə iki tənzimləmə formasını görürük. Bu ictimai rəylə bağlı olan məsələdir. İnsanlar başqalarının davranışlarını kütləvi olaraq dəyərləndirirlər - ya qınayırlar, ya da rəğbətlə qarşılayırlar, neytral münasibət olmur. Burada bir məsələ də var - insanlar bəzən öz səhvlərini görmürlər, öz davranışlarını norma kimi qəbul edir, əsaslandırmağa çalışırlar, amma başqalarının normal tələbini, çağırışını aqressiya ilə qarşılayırlar. Bu qiymətləndirmə də yanlış davranışı doğurur.
Sosioloq bildirdi ki, sosial müdaxilələrlə sosial maarifləndirmə paralel olmalıdır. İnsan başa düşməlidir ki, o özü başqasını qiymətləndirirsə, onun davranışı da başqaları tərəfindən qiymətləndirilir:
- İnsan bəzən düzlüyünə əmin olduğu bir məqamda səhvini anlayır amma yenə də özünü “sındırmır”, mübahisəni davam etdirir. Bu artıq eqonun həddən artıq olması, narsizmə çevrilməsidir. Digər tərəfdən bəzən elə də olur ki, insan haqlı ola-ola üzürxahlıq edir, qarşı tərəfin yanlış olduğunu bilsə də ona nəcib yanaşır, kompramisə getməyə, problemi böyütməməyə çalışır. Bu, sivil yanaşmadır, çoxluğun problemlərə bu cür yanaşma sərgiləməsi cəmiyyətin yüksək sosial, mənəvi, mədəni inkişafının göstəricisidir. Düşünürəm ki, Azərbaycan cəmiyyəti kifayət qədər mədəni, həssas cəmiyyətdir, amma yenə də hər kəsin yüksək mədəniyyətə sahib olduğunu demək çətindir. Bəzən söyüşə, təhqirə özünü ifadənin bir forması kimi baxırlar. İki nəfərin spirtli içkinin təsiri altında dalaşması və polisin buna müdaxilə etməsi təqdirəlayiqdir. Amma tək polis deyil, cəmiyyət də bu hərəkətləri qınamalıdır. Düzdür biz heç kimə məhdudiyyət qoya bilmərik ki az iç və ya niyə çox içirsən, amma bir müsəlman, şərq ölkəsi kimi Azərbaycanda da içkiyə olan münasibət çox da isti deyil. Amma hər kəs bilməlidir ki, normanı aşan hər bir şey zərərlidir. Düşünürəm ki sürücülük vəsiqəsi verilərkən insanın içkiyə olan münasibəti də araşdırılmalıdır. Hətta bu barədə şəxsin özünə deyilməməlidir. Belə insanların sükan arxasına oturmasına uzun müddətli məhdudiyyət qoyulmalı və ya həmişəlik qadağan olunmalıdır. Nəyin necə baş verdiyini biz bilmirik, amma bir şəxsin hərəkətdə olan avtomobilin qarşısını kəsməsi artıq ictimai təhlükə doğuran bir məsələdir. 
Xanımın özünə görə haqlı səbəbi ola bilər, amma bu ona əsas vermir ki digər insanlara da problem yaratsın, qanunu pozsun. Birinin azadlığı başqasının azadlığı ilə kəsişənə qədərdir - bu düşüncə bizim cəmiyyətə hakim olmalıdır. Cəmiyyətin hər bir üzvü, hər bir fərd ictimai yerlərdə düzgün davranış tərzini bilməli və normaları aşmamalıdır. Hətta parkda, istirahət məkanında skamyada əyləşəndə də, ictimai nəqliyyatda da başqa birisinə mane olub-olmadığını diqqət etməlisən.