Xuliqanlıq etməkdə təqsirləndirilən Hacı Vəlievin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Hacı Vəliyevin cəzası 2 il 6 aydan 2 ilə endirilib.
Xatırladaq ki, Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd edək ki, Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı dövlət qeydiyyatına alınmayan QHT-nin sədri olub. O, ötən ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.