Dövlət rəhbərinə məktub: “Gənclər bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir, Sizi dəstəkləyirlər”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Tərtər rayonundan Emin Pənahov dövlət rəhbərinə məktubunda bildirir:

 “Cənab Prezident, rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman yarışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq. Cənab Prezident, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk. Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun!”.