Əhməd Oruc "Yeni Kilinika"ya köçürülüb

Fəaliyyəti dayandırılmış Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc "Yeni Kilinika"ya köçürülüb. 

"Sherg.az"ın məlumatına görə, bu barədə Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn məlumat verib. 

P.Hüseyn bildirib ki, Əhməd Orucun xəstəxanaya düşməsi xəbərindən gec xəbər tutub: 

"Bu gün onun müalicə olunduğu deyilən Kardiologiya İnstituna getdim. Məlum oldu ki, "Yeni Kilinika" xəstəxanasına köçürülüb. İlkin müayinə etmiş həkimlərlə danışdım, məlumat aldım. Ümid edirəm ki, Azərbaycan milli demokratik xalq hərəkatı tarixində özünəməxsus yeri olan Əhməd bəyin müalicəsi nəzarətdədir və ən yüksək səviyyəli tibbi xidmət göstərilir. Əhməd bəylə ən yaxın vaxtda görüşmək arzusu ilə".

Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Hazırda reanimasiyadadır.