"Fəal QHT-lərin mütləq əksəriyyətinin adını qaliblər sırasında görürük"

Cəsarət Hüseynzadə: "Dövlətin bu cür dəstəyi nəticəsində vətəndaş cəmiyyətləri fəaliyyətlərini qismən də olsa genişləndirə biliblər"

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

  Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Azərbaycanda son illər müşahidə olunan sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir. Ölkəmizdə böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər. 

Qeyri-hökumət təşkilatları ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ümumiyyətlə, QHT-lər problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Şübhəsiz, vətəndaş cəmiyyətinin uğurlu və faydalı fəaliyyətini təmin etmək üçün onlara mütəmadi maliyyə dəstəyi göstərilməlidir. Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Çünki dövlət quruculuğu prosesi yalnız dövlət aparatında çalışan məmurlar vasitəsilə deyil, həm də vətəndaş cəmiyyətinin peşəkar təmsilçilərinin fəaliyyətindən də çox asılıdır. Bu baxımdan müvafiq dövlət qurumları qrantlar verməklə, ictimai nəzarət prosesini gerçəkləşdirməklə, müxtəlif layihələrdə QHT-ləri əməkdaşlığa cəlb etməklə vətəndaş cəmiyyəti prosesinə töhfə verməyə çalışırlar. İctimai sektorun inkişafına töhfə verən qurumlardan biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Qısa müddətdə yaranmasına baxmayaraq, müxtəlif işlər həyata keçirən Agentlik bu sahədə tənzimləmələr həyata keçirir. QHT-lər arasında layihə müsabiqələrinin keçirilməsi, onlarla təşkil edilən görüşlər, regional müşavirə-məsləhətləşmələri də bu qəbildən olan çalışmalardır.

 Bütün bu fəaliyyətləri vətəndaş cəmiyyətində daha yaxşı nəticələrin əldə edilməsi istiqamətində axtarışlar kimi də səciyyələndirmək olar. Son bir ay ərzində Agentlik elan etdiyi iki qrant layihəsinin nəticələrini açıqlayıb. İyun ayında “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edilib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. 22 layihənin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Ümumilikdə 22 layihəyə 585 min 170 manat qrant vəsaiti ayrılıb.

Ən böyük vəsait Azərbaycan Qadın Sahibkarlığını İnkişafı Assosiasiyasının layihəsinə (40 min 100 manat), ən kiçik məbləğ isə İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinə (15 min 550 manat) ayrılıb. Ötən gün isə Agentlik 2022-ci il kiçik qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Qeyd olunub ki, qrant müsabiqəsinə 7 istiqamət üzrə təqdim olunan 584 layihənin 400-ü Agentlik tərəfindən maliyyələşdirilib. 

  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəmiyyətin bütün sferalarının inkişafı, tərəqqisi üçün öz layihələri ilə töhfə verməyə çalışırlar. Agentlik bütün sahələr üzrə fəaliyyət göstərən QHT-lərin layihələrinə müxtəlif formalarda dəstək olur. Xüsusilə qeyd olunub ki, məişət zorakılığı ilə mübarizə, ailə dəyərlərinin təbliği, uşaq hüquqlarının qorunması, qadınlara qarşı ayrı-seçkilik məsələləri Agentliyin gündəmindədir və qrant müsabiqələrində mövzu kimi elan edilir. A.Əliyeva əlavə edib ki, 2021-ci il kiçik qrant müsabiqəsində ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə 37 qeyri-hökumət təşkilatının layihəsinə ümumilikdə 330 min manatdan çox vəsait ayrılıb. Layihələr çərçivəsində Bakıda və regionlarda 10-larla tədbir keçirilib, müxtəlif maarifləndirmə materialları hazırlanıb. Bir məqamı da qeyd edək ki, Agentliyin qrant müsahibəsindən razı qalan QHT-lərlə yanaşı, narazılıq bildirənlər də olub. 

  Qeyri-Hökumət təşkilatlarına dövlət tərəfindən göstərilən maliyyə dəstəyi və elan olunmuş qrant layihələri ilə bağlı “Şərq”ə danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, hər müsabiqədən razı və narazı qalan tərəflər olur. QHT rəhbərinin sözlərinə görə, ümumilikdə baxdıqda QHT Agentliyinin kiçik qrant müsabiqəsi ilə bağlı elan etdiyi nəticələr ilə bağlı böyük iradlar yoxdur: 

“Biz təqdim olunan layihələrlə tanış olmadığımız üçün hər hansı qərarı mübahisələndirə bilmərik. Sadəcə, fikirlərimizi hər hansı QHT-nin fəaliyyəti və ictimai nüfuzu baxımından səsləndirə bilərik. Qərarların qəbulunda bu məqam sadəcə bir nüansdır. Ona görə nəticələrlə bağlı hər hansı münasibət bildirmək doğru olmaz. Fəallığı ilə seçilən QHT-lərin mütləq əksəriyyətinin adını qaliblər sırasında görürük. Eyni zamanda hesab edirəm ki, Müşahidə Şurasının üzvləri QHT-lərlə işi bir qədər də inkişaf etdirməlidir. Düzdür, onların resursları, imkanları yetərli deyil. Dünyanın heç bir ölkəsində qrant nəticələri ilə bağlı etirazlar demək olar ki, qəbul edilmir. Amma hesab edirəm ki, dövlət büdcəsi vəsaiti olduğu üçün müsabiqədən hansısa QHT narazı qalarsa, onların fikirlərini dinləmək lazımdır və ehtiyac yarandığı halda QHT Agentliyi öz qərarlarını əsaslandırmalıdır”. 
  C.Hüseynzadə vurğulayıb ki, Agentliyin QHT-lərə maliyyə dəstəyi sadəcə QHT-lərin minimum tələblərini ödəyir. Burda da məqsəd QHT sektorunun sıradan çıxmasının qarşısını almaqdır: “Bu baxımdan maliyyə dəstəyi çox önəmlidir. QHT-lərimiz dövlətin bu cür dəstəyi nəticəsində ilkin fəaliyyətlərini qurub və fəaliyyətlərini qismən də olsa genişləndirə biliblər. Uzun müddətdir, dövlət tərəfindən bu dəstək stabil olaraq davam edir. Amma bu dəstəyin həcminin artırılmasına ciddi ehtiyac var. Müvafiq qurumların açıqlamalarından belə görünür ki, növbəti ildə bununla bağlı irəliləyiş ola bilər. Artıq QHT Agentliyi təşkilatlar üçün təlimlər təşkil etməklə bağlı prosesə başlayıb. Əsas məqam kimi də Agentliyin növbəti mərhələlərdə kiçik, orta və böyük qrantlar üçün fərqli meyarlar və fərqli layihə təklifi formaları müəyyən edəcəyi qeyd olunur. Bu hədəflərə nail ola bilsək, sözün həqiqi mənasında QHT-lərin fəaliyyətinin genişlənməsi üçün çox böyük töhfə olar”. 
  QHT sədri hesab edir ki, xarici maliyyə mənbələrinə çıxışın təmin olunması gerçəkləşərsə, QHT Agentliyi üçün də öhdəlik bir qədər azalar: “Xarici mənbələrə çıxışın bir qədər asanlaşması istiqamətində prosesin getdiyi məlumdur. Ümid edək ki, hər 2 məqam - QHT Agentliyinə ayrılan vəsaitin artırılması və xarici mənbələrə çıxış məsələsi QHT-lərin xeyrinə öz həllini tapacaq. Etiraf edək ki, minimum maliyyə və digər kiçik resurslarla uğurlu fəaliyyət QHT Agentliyi üçün də çətindir”.