Girovlardan xəbər var: “Yazmışdı ki, xəstəlikdən...”

“Atamla bağlı yeni heç bir məlumat yoxdur. Sonuncu dəfə təxminən 1 həftə 10 gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları onunla əlaqə saxlayıblar”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib:

“Komitədən bildirdilər ki, atamla görüş olub. Komitənin işçiləri ona baş çəkib və ciddi problem olmadığını deyirlər. Amma təəssüf ki, atam yenə də məktub, şəkil və video göndərməkdən imtina edib. Komitədən deyilir ki, atamın özü məktub yazmaq istəmir”.

Girov olan digər vətəndaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva isə bu gün qardaşından məktub gəldiyini deyib:

“Şahbazla bağlı elə də yeni məlumat yoxdur, salamatçılıqdır. Yaxşı olduğunu deyir. Hiss elədim ki, virusla bağlı məlumatlardan da xəbəri var. Yazmışdı ki, özünüzü, nəvələrinizi xəstəlikdən qoruyun”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.