Tramp İrana zərbələr endirmək üçün yeni planlar hazırlanmasını tapşırıb

ABŞ Prezidenti Donald Tramp İranda enerji infrastrukturu obyektlərinə zərbələr endirilməsi ilə bağlı yeni variantların hazırlanmasını hərbçilərə tapşırıb.

Sherg.az xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Zakari Koen məlumatlı mənbəyə istinadən “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, Trampın göstərişi İranın enerji infrastrukturuna daxil olan çoxsaylı obyektlərə mümkün hücum planlarının hazırlanmasını nəzərdə tutur. ABŞ prezidenti İranla bağlı növbəti addımlar barədə yaxın vaxtlarda qərar verəcəyini bildirib.

Mənbənin iddiasına əsasən, Vaşinqton İrana qarşı daha bir sıra zərbələr endirdikdən sonra qələbə elan edərək qüvvələrini qısa müddətdə regiondan çıxara bilər.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranda yerləşən obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab olaraq hücumlar həyata keçirib. İyun ayının ortalarında tərəflər hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, sonradan yenidən zərbələr mübadiləsi baş verib. Hazırda münaqişə həllini tapmayıb.