Görüntü yaxşı, qida keyfiyyətsizdir: Bahalı toylar qonağa yox, şadlıq sarayına xidmət edir

Ekspert ictimai iaşədəki böyük problemi ifşa etdi
“İstehlakçılar tələbkar olmalıdır, sağlamlıq hər kəsin borcudur”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu dəfə keytrinq (sifarişlə menyu tərtib etmək, yeməklərin hazırlanması, daşınması və servis xidmətinin göstərilməsi) xidməti həyata keçirən müəssisələrin işində ciddi nöqsanlar aşkarlayıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir. Qeyd olunur ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib, 12-sinin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub. Keytrinq, müxtəlif məkanlarda sifariş əsasında furşet, kofe-breyk, banket, açılış, təqdimat törənləri, piknik və s. xidmətlərin icrasıdır. Bildirilib ki, yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib: "Aşkar edilmiş əsas uyğunsuzluqlara müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi, mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması, texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması, xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması, xammalların müşayiətedici sənədlərinin olmaması, yararlılıq müddəti bitmiş məhsulların mövcud olması, məhsulların saxlanma qaydalarına əməl olunmaması, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması, işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi daxildir. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub".
Xatırladaq ki, AQTA-nın oxşar yoxlama və monitorinqləri qida sektorunun demək olar bütün sahələrini əhatə edir. Dönərxanalardan başlamış, şadlıq sarayları, ət kəsimi məntəqələrinədək hər bir müəssisədə yoxlama aparmaq səlahiyyətləri var və bunu edirlər. Əhali də zaman-zaman yoxlamaların nəticələri barədə məlumatlandırılır. Və xəbərdar oluruq ki, demə, şadlıq saraylarında masaya düzülən çeşid-çeşid, növbənöv təamların heç də hamısı keyfiyyətli deyilmiş. Bir çox yeməklərin, salatların hazırlanmasında keyfiyyətsiz, hətta zərərli məhsullardan istifadə edilib, sanitar-gigiyenik vəziyyət bərbad, bakterial çirklənmə, mikroblara bulaşma adi hal imiş. Ötən dəfə AQTA "Xarı Bülbül", “Sərin”, “Xan bağı” “Mono Liza Palace”, “Üzeyir” və daha neçə-neçə şadlıq sarayında monitorinq aparıb mətbəxlərdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğunu, temperatur rejiminə əməl olunmadığını, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan (mənşəyi naməlum) heyvan mənşəli məhsulların aşkarlandığını bildirmişdi. AQTA Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən ev quşlarının kəsimi müəssisəsində də yoxlama keçirib, baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığını aşkarlamışdı. Soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus külli miqdarda toyuq əti də aşkarlanmışdı. Bəzi yoxlamalar zamanı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunmuşdu. Məlumat verilir ki, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılır, nöqsanlara yol verən müəssisənin fəaliyyəti məhdudlaşdırılır, sahibkar barəsində inzibati protokol tərtib edilir. Amma yoxlanılmayan, yoxlamadan kənar qalan və ya yoxlamadan bir müddət sonra eyni nöqsanları, qanunsuzluqları təkrarlayan nə qədər şadlıq sarayı, restoran, müəssisə var. Nə yeyib, nə içdiyimizi hardan, necə biləcəyik, bir halda ki hətta keytrinq xidmətində də fırıldağa yol verilir, demək ki, ictimai iaşə və qida sektorunda vəziyyət bərbaddır. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, ictimai iaşə obyektlərinin sanitar-texniki, eləcə də sanitar-gigiyenik normaları pozması və nöqsanların aradan qaldırılmamasında əhalinin də “payı” var: 
- Çox zaman əhali gigiyenik normalara nə dərəcədə riayət edildiyinin fərqinə varmır. Sizcə, şadlıq sarayında, şadlıq evində hansısa mərasim keçirmək istəyən və öncədən oranın mətbəxinin, sanitar qovşağının hansı durumda olduğu ilə maraqlanan vətəndaşların sayı nə qədər olar? Çox az. Bəlkə də, tək-tük insan bununla maraqlanır. İnsanları qonaqlara hansı yeməklərin təqdim olunacağı, ətin haradan gətiriləcəyi, menyuda nə var, nə yox, menyunun qiyməti maraqlandırır. Toy edənlə, şadlıq sarayı inzibatçısı arasındakı söhbətin əsas məzmunu bu olur. Masaya nələr veriləcək, menyu neçəyədi, nəyi menyudan çıxarmaq olar ki, qymət bir az aşağı düşsün, buna bənzər məsələlər. Toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması, nadir hallarda baş verən hadisədi, bəlkə də, ümumiyyətlə, belə hal baş vermir. Ona görə də şadlıq sarayı rəhbərliyi də təmizlik, normalara riayət etmək kimi məsələlərə ikinci, üçüncü dərəcəli iş kimi baxır. Rəhbərlik də əsas diqqəti menyuya və əlbəttə ki, daha çox gəlir əldə etməyə yönəldir. Nəticədə biz istehlakçıların hüquqları pozulur. Bizə keyfiyyətsiz qidalar da təqdim olunur, natəmiz mətbəxdə hazırlanan yeməklər qarşımıza gətirilir. Qonaqlar da, toy sahibi də sanitar qovşağın natəmizliyini, uyğunsuz halda olmasını toyun ortasında görürlər. Daha bundan sonra kimə şikayət edəcək? O vaxt kimsə nə şikayət etmək halında olur, nə də bunun marağında. Keytrinq xidməti ilə bağlı da vəziyyət eynilə bu cürdür. Hansısa nazirlik, dövlət orqanı, agentlik, iri şirkətlər, qurumlar müəyyən bir tədbir təşkil etdikdə keytrinq xidmətindən yararlanırlar. Bu, qəbul olunmuş qaydadır. Amma məsələ bundadır ki, çox vaxt qurumlar bu işi özlərinin tanıdıqları, əməkdaşlıq etdikləri, yaxud da elə onların özlərinə bağlı müəssisələrə həvalə edirlər. Yenə də şəxsi maraqlar önə çıxır, az vəsaitlə böyük mərasimləri yola verməyə çalışırlar. Məhsulun haradan, necə gətirildiyi onlar üçün önəm kəsb etmir. Təki ucuz başa gəlsin. Bu halda isə keyfiyyətsiz məhsullar önə çıxır. Belə mərasimlərdə görüntü əladır. Avropa stilində qəlyanaltılar, içkilər, desertlər. Amma keyfiyyətlidirmi, bilmək olmur.  
E.Hüseynov bildirdi ki, qida sektoru bir zəncirdir. Burada istehsaldan başlamış, istehsala və satışa qədər hər bir halqada keyfiyyət və sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi vacibdir və tələb olunmalıdır: 
- Hazırda dünyada bilinən və bilinməyən müxtəlif xəstəliklər, viruslar var. Sağlamlığı qorumaq hamının borcudur. O cümlədən də ictimai iaşə obyektlərində bu məsələlərə ciddi yanaşılmalıdır. İstehlakçılar da tələbkar olmalıdır. Əgər hansısa kafedə, restoranda əyləşib yemək sifariş edirsənsə, keyfiyyətli xidmət görəcəyindən əmin olmalısan. Bunun üçün də tələbkar olmaq lazımdır. İstehlakçının haqqı var ki, xörəyin hansı ərzaqla və hansı şəraitdə bişirildiyini bilsin. Madam ki, yemək sifariş edirik və buna görə ödəniş edirik, keyfiyyət tələb etmək haqqımız da var. İkinci tərəfdən, illərdir şadlıq saraylarının soyğunçuluğundan yazılır, əlaqədar təşkilatlar bir-iki müəssisədə yoxlama aparır, nöqsanlar aşkarlanır, müəssisənini fəaliyyəti dayandırılır, bir müddət sonra eyni vəziyyət təkrarlanır. Bunun əsas səbəbi bizim insanların şadlıq sarayında dəbdəbəli toy etmək istəyi, bu istəyin asılılığa, vərdişə, bir-biriylə bəhsə dönməsidir. Qohumların “kim daha varlıdır” titulu qazanmaq uğrunda mübarizə aparmalarıdır. Toyu olan cütlük, bəy-gəlinə o toylardan heç nə qalmır, heç bir gəlir əldə etmirlər, çünki toyda toplanan pul elə həmin gecə şadlıq sarayına ödənir. Və bu cür yoxlamalar nəticəsində də məlum olur ki, demə, bahalı restoranlarda, şadlıq saraylarında qonaqlara natəmiz qidalar, mənşəyi məlum olmayan ətlərdən hazırlanmış yeməklər təqdim olunub. Hesab edirəm ki, cəmiyyətimiz bundan ibrət almalıdır, milli adət-ənənələrimizə uyğun olmayan şadlıq məclisləri aradan qaldırılmalıdır.