Həkimdən SOS: “Klinikalar xəstələrlə doludur” – Məsuliyyətli olaq ! 

“Tibbi maska düzgün şəkildə taxıldığı zaman insanın virusa yoluxma ehtimalı 95 faiz azalır”

“İnsanlar arasında ictimai yerlərdə, xüsusilə böyük mağazalarda, kassaların qarşısında sosial məsafənin qorunması da çox zəruridir”


Dünyada və ölkədəki statistikadan başa düşülür ki, koronavirus adlı düşmənin ən azından yaxın gələcəkdə bizdən əl çəkmək fikri yoxdur. Belə demək mümkünsə, müharibə davam edir. Biz ya bu savaşdan qalib ayrılacaq, ya da hamımız bir virusa qurban gedəcəyik. 
 Koronovirusdan ölənlərin sayı yüzlərlə olsa da, bəzi insanlar bunu görmək, edilən xəbərdarlıqları eşitmək istəmirlər. Onlar lap nazik kəndir üzərində irəliləyən kəndirbazlar kimi həyatlarını riskə atırlar. 

 Həkim-pulmonoloq Günay Əliyeva “Sherg.az”a açıqlamasında insanlara daha ciddi və məsuliyyətli olmağı tövsiyə etdi:

“Virusun yayıldığı ilk gündən bəri maarifləndirmə işləri aparılır. Amma çoxu həmişə olduğu kimi indi də inkarlıq mövqeyində dayanır. Hətta ən yaxınlarının belə virusa yoluxması onları sadəcə şübhəyə salır. “Həqiqətənmi, virus var?” deyə düşünürlər. Əlbəttə, var. Klinikalar  xəstələrlə artıq doludur. Onu deyim ki, yoluxan adamlarda əvvəllər simptomlar yüngül şəkildə özünü göstərir. Tədricən isə vəziyyət ağırlaşır. Bu səbəbdən də vaxtında məsələnin üstünə düşmək, həkimə müraciət etmək lazımdır. Virusun ilkin əlamətləri halsızlıq, ishal, əzələ ağrılarıdır”. 

 G. Əliyeva, həmçinin bildirdi ki, tibbi maskanın düzgün taxılması da vacibdir:

“Tibbi maska düzgün şəkildə taxıldığı zaman insanın virusa yoluxma ehtimalı 95% azalır. Yəni bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Tibbi maska çənəyə və ya sadəcə ağıza taxılmalı deyil. Burun dəlikləri, ağızlar tamamilə örtülməlidir. Maskaya toxunmazdan əvvəl əllər mütləq yuyulmalıdır. Eyni zamanda insanlar arasında ictimai yerlərdə, xüsusilə böyük mağazalarda, kassaların qarşısında sosial məsafənin qorunması da çox zəruridir. Heç olmasa, yoluxma sayı az olmalıdır ki, həkimlər keyfiyyətli tibbi xidmət göstərə bilsinlər”.