Abşeron rayonunun Masazır kəndində bir sıra yaşayış massivlərində sakinlər uzun illərdir davam edən elektrik təchizatı problemlərindən şikayət edirlər. Onların sözlərinə görə, tez-tez baş verən uzunmüddətli elektrik kəsintiləri, aşağı gərginlik və transformatorların yüklənməsi məişətə və yaşam şərtlərinə ciddi təsir göstərir. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin hələ də həllini tapmadığını bildirirlər.
Həmin sakinlərdən biri, tanınmış ilahiyyatçı Tural İrfan Sherg.az-a danışıb. İlahiyyatçı bildirib ki, məmurlarla əlbir olaraq 5 sot torpaq sahəsində 5 ev tikib satan maklerlər və böyük marketlər camaatı istidə işıqsız qoyublar:
"Transformatorlar yüklənir. Böyük marketlərin əslində hər biri üçün ayrıca transformator qoyulmalıdır. Maklerlərin heç bir tikinti qaydasına əməl etmədən tikdiyi iç-içə evlər artdıqca abonentlərin sayı da artır. Amma transformatorların sayı artırılmır. Elektrik verildiyi vaxt ölçəndə 220 volt əvəzinə 130-140 volt göstərir. Halbuki abonentlərlə bağlanan müqavilədə 220 volt nəzərdə tutulur. Nəticədə kasıb camaatın kreditlə, min bir məşəqqətlə aldığı avadanlıqlar- televizor, soyuducu, paltaryuyan və digər məişət texnikası sıradan çıxır. Heç bir məmur, heç bir səlahiyyətli şəxs, heç bir idarə tədbir görmür, ümumiyyətlə müraciətlərə cavab da vermir. Hətta cavab verməyi də lazım bilmirlər.
Bir gün əvvəl gecə saat 04:00-da kəsilən işıq, səhəri gün saat 18:30 verildi. Bu vəziyyət 2-3 ildir davam edir. Son zamanlar isə daha da tez-tez təkrarlanır.
İşıqçılar bildirirlər ki, maklerlərin tikdiyi evlərdə əhali çoxalıb, üstəlik böyük marketlərə də əhali üçün nəzərdə tutulan transformatordan elektrik verildiyi üçün yüklənmə yaranır. Yeni transformatorlar və avadanlıqlar quraşdırılmalıdır, lakin bunu etmirlər".
Şikayətçi dəfələrlə müraciət etdiklərini, qaynar xəttə şikayət zəng vurduqlarını, amma bunların heç birinin faydasının olmadığını söyləyib:
"Hər dəfə müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınırlar. Azərişığın Abşeron şöbəsinə, qaynar xətlərinə və rəsmi qaydada Azərişığa dəfələrlə yazmışıq, lakin müraciətlərimizə baxılmayıb. Şəxsən də getmişik. Əksər hallarda aidiyyəti rəhbər şəxslər ümumiyyətlə üzə çıxmayıb, texniki işçiləri qabağa veriblər. Onlar isə bildirirlər ki, əhali artıb, yüklənmə çoxalıb, transformatorun gücü çatmır. Həmçinin deyirlər ki, rəhbərlikdən deyil, qanunsuz tikililərə və böyük marketlərin əhali üçün nəzərdə tutulan elektrik şəbəkəsinə qoşulmasına icazə verən şəxslərdən şikayət edin".
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.