..Həm də haqqın, ədalətin və müqəddəs dəyərlərin yolunda qazanılan əbədi həyat olduğunu öyrədir
Hicri-qəməri təqvimiylə 16 iyun Məhərrəm ayının başlanğıcıdır. Allah-təala Məhərrəm ayını müqəddəs Qurani-Kərimdə haram ay buyurub. Əslərlə öz milli adət-ənənlərinə, eləcə də dini etiqadına sahib çıxan Azərbaycan xalqı Qurani-Kərim vasitəsiylə çatdırılana şəksiz əməl edib və etməkdədir.
Məhərrəm ayını xalqımız üçün xüsusiləşdirən bu ayda peyğəmbərlərin sonuncusu, Rəbbimizin bəşəriyyətə rəhmət olaraq seçdiyi Muhəmməd əleyhissalamın nəvəsi, imam Hüseynin (ə) hicrətin 61-ci ili, məhərrəm ayının 10-da (miladi təqvimlə 680-ci il oktyabrın 10-nu M.R.) Kərbəla çölündə şəhid edilməsidir. Uca şəhidlik taleyi alnına yazılmış xalqımız İmam Hüseyn şəhidliyini də uca tutur, məhərrəm ayında şadyanalıq etməkdən çəkinir.
Bu barədə “Sherg.az”a danışan Qarabaq Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, Məhərrəm ayı bizə şəhidliyin yalnız ölüm deyil, haqqın, ədalətin və müqəddəs dəyərlərin yolunda qazanılan əbədi həyat olduğunu öyrədir:
- Kərbəla məktəbi əsrlərdir şəhidlik ruhunu yaşadaraq insanları vətənə, imana, vicdana və həqiqətə sədaqətə səsləyir. Məhərrəm şəhidliyin ucalığını, Kərbəla isə haqq uğrunda can verməyin əbədiyyətə açılan yol olduğunu bütün insanlığa öyrədən ilahi məktəbdir. Kərbəla qanayan bir yaradır. Bu yara hansısa məzhəbin və ya təriqətin deyil, bütün müsəlmanların və haqqsevər insanların ortaq ağrısıdır. Kərbəlada şəhid olan islamın böyük şəhidi, İmam Hüseyn (ə) bütün Peyğəmbər (s) və Əhli-beyt sevərlərinin ortaq sevgisi və məhəbbət ünvanıdır. Onun müqəddəs mübarizəsi azadlığın, ləyaqətin və haqqın əbədi simvoluna çevrilib.
S.C.Əzimbəyli bildirdi ki, Azərbaycanın şəhidlik məktəbinin formalaşmasında Kərbəla hadisəsinin misilsiz rolu və təsiri vardır. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin mənəvi qaynaqlarından biri də məhz Kərbəla ruhu, İmam Hüseyn (ə) məktəbidir:
- Allah-Təala Məhərrəm ayının bərəkətini dövlətimizin və xalqımızın üzərindən əskik etməsin. Bu mübarək ay xalqımızın birlik və bərabərliyinə, mənəvi dirçəlişinə, milli həmrəyliyinə və dövlətimizin daha da qüdrətlənməsinə vəsilə olsun.