Məktəblərdə UŞAQ QITLIĞI başlayır - Birinci sinfə gedənlərin sayı 10 min AZALDI

  • “Çox ciddi böhran gəlir. Azərbaycanda yaşlıların sayı 1 milyonu keçir"

Ölkədə doğum faizi getdikcə aşağı düşür, yaşlı əhalinin sayı isə getdikcə artır.

Bununla bağlı növbəti dəfə həyəcan təbili çalan iqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirdi ki, 2000-ci ildə hər 1000 nəfər 15-64 yaşlı əhaliyə 83 nəfər 65 və yuxarı yaşlı düşürdü. 2026-cı ilin əvvəlində isə bu göstərici 152 nəfərə çatıb. Belə vəziyyətdə hökumət vacib addımlar atmalıdır: 

- Rəsmi məlumatlara əsasən 2020-ci ildə hər 1000 nəfər 15–64 yaşlıya 104 yaşlı düşürdüsə, 2023-cü ildə bu göstərici 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfərə yüksəlib. Eyni zamanda 65+ yaşlıların mütləq sayı 2000-ci ildəki 419,5 min nəfərdən 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb. Bu o deməkdir ki, doğum kəskin  azalır, əhali sürətlə qocalır, bir müddət sonra təqaüd və səhiyyə sisteminə böyük yük düşəcək – hökumət isə hələ ki, bu günlə yaşayır, “5 günlük dünyadı”, prinsipi ilə davranır. Hökumətlər, dövlətlər azı 20-25 illik proeksiyalar qurmağı, önünü planlaşdırmağı bacarmalıdır. Əks halda çox ciddi böhranlı məsələlərlə üzləşirlər, zamanında tədbir görülməyəndə isə, problemlərin həlli daha bahalı, daha ağrılı olur. 

Qeyd edək ki, doğum sayının azalması son illərdə I sinfə qəbul olunanların sayında da özünü göstərir. Statistikaya baxsaq, ibtidai sinif şagirdlərinin sayı hər il getdikcə azalır. 2023-2024-cü tədris ilində 137 100, 2024-2025-ci tədris ilində 134 600, 2025-2026-cı tədris ilində131 221 şagird birinci sinfə qədəm qoyub. Cari 2026-2027-ci tədris ili üçün elektron qəbulda birinci sinfə gedənlərin sayı 121.909 nəfər göstərilir. Əvvəlki illərdə 3-4 min nəfər azalma var idisə, indi azalma birdən-birə 10 mindir. Ola bilsin, hələ tədris ili başlamayıb, 1-ci sinfə qəbul hələ davam edəcək, rəqəmlər dəyişəcək. Amma heç bir halda ötənilki səviyyə olmayacaq.