Ölkə başçısına yazırlar: “Xalq Sizə inanır”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Sumqayıt şəhərindən Rasim Məmmədov və Səidə Məmmədova ölkə liderinə yazırlar: 

“Zati-aliləri cənab Prezident, Sizin rəhbərliyinizlə korrupsiya hallarına qarşı həyata keçirilən sərt tədbirlər bizi çox sevindirir. Bu işləri diqqətlə seyr edir, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, sağlam ab-havanın yarandığını duyuruq. Əsas isə odur ki, Siz bu yolda qətiyyətli və dönməzsiniz, eynilə atanız kimi... Sizin bu iradəniz bir çoxlarının yuxusuna haram qatıb. İstər xaricdə, istərsə də daxildəki düşmənlərimiz Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər, edə də bilməzlər. Çünki Sizin rəhbərliyinizlə qazanılan uğurlar onların boğazına sanki bir sümük kimi tıxanıb. Bilin ki, bütün xalq Sizə inanır. Bu xalq ümummilli liderimiz Heydər Əliyevin bir kəlməsi ilə 1994-1995-ci illərdə Azadlıq meydanına toplaşıb onunla bir olduğunu bütün dünyaya göstərdiyi kimi, Sizin də bir kəlmənizlə meydana çıxıb arxanızca getməyə hər zaman hazırdır. Allah Sizi qorusun!”.