- Milyonlar xaricə çıxarılır, oyunçular isə cərimələnir
- “Azart oyunçuları özlərini idarə edə bilmirlər”
Onlayn kart, qumar oyunları, ruletka, canlı kazino, internet üzərindən kazino, at yarışlarında mərc, idman mərc oyunları, lotereyalar, pul qoymaqla nərd, domino, onlayn və oflayn poker, ani lotereyalar və sair azart oyunları son illərdə kəskin populyarlaşdı. Qazanan çoxdur, yoxsa itirən?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında onlayn mərc oyunları ilə bağlı araşdırma apardıqlarını və ortaya heç də müsbət olmayan mənzərənin çıxdığını dedi:
- Bəllidir ki, onlayn oyunların populyarlığı texnologiya və internetin yayılmasının təsiri ilə bağlıdır. Bir çox oyunçular rahatlığın və çeşidin təminatı ilə onlayn oyunları üstünlük kimi göstərirlər. İstənilən vaxt, istənilən yerdə oyun oynamağa imkan verən bu platformalar oyunçulara yeni imkanlar və maraqlı təcrübələr təqdim etməklə bərabər, çeşidli istehlakçı problemləri və qanun pozuntusu da yaradır. 
Xüsusən offşor oyun təşkilatçıları istehlakçı hüquqlarının pozulması, uduş məbləğinin “azart oyunçuya” tam həcmdə çatdırılması baxımından problem yaradır. Qeyd edim ki, 2025-ci il 8 iyul tarixli Qanun Azərbaycanda azart oyunlarının virtual formada - internet, mobil şəbəkələr, sosial şəbəkələr və tətbiqlər daxil olmaqla təşkil edilməsini və keçirilməsini, habelə maliyyə institutları tərəfindən müvafiq ödəniş əməliyyatlarının aparılmasını birbaşa qadağan edir. Eyni zamanda 2024-cü il may ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internetdə və sosial şəbəkələrdə qadağan edilmiş və ya icazəsiz lotereyaların, idman mərclərinin və qumar oyunlarının reklamının aşkarlanması barədə məlumat verib. Xidmət belə reklamın qadağan olunduğunu qeyd edib və istehlakçılara şikayətlə müraciət etməyi tövsiyə edib. 2025-ci il oktyabr ayında artıq , Agentliyin yeni strukturu qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə görə beş fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə protokollar tərtib edilməsi barədə məlumat verib. Azərbaycanın “azart oyunçularının”, onların istehlakçı hüquqlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni əməllərinin mənzərəsini DİN-in tək bir iş üzrə apardığı araşdırmadan görmək olar. 2024-cü il 20 sentyabr tarixində DİN vətəndaşları sosial şəbəkələr vasitəsilə xarici qeyri-qanuni saytlara cəlb edən şəbəkənin araşdırılması barədə məlumat verib. İstintaqın nəticəsinə görə, 1157 bank kartı istifadə edilib, üçüncü şəxslərin hesablarına 20 milyon AZN-dən çox vəsait daxil olub, 3,375 milyon AZN kriptovalyutaya çevrilərək xaricə göndərilib, nağd şəkildə isə 2 milyon AZN götürülüb. İstintaq mərhələsində doqquz nəfər həbs edilib. Bu rəqəmlər yalnız bir işə aiddir və bütün bazarın qiymətləndirilməsi deyil. Qanunsuz oyunlara görə oyunçuların cəzalandırılması hallarına dair açıq mənbələrdə əksini tapmış digər məlumatlar da vardır. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi qumar oyununda iştirak üçün 3000 AZN cərimə və oyun vəsaitinin, qoyulmuş əmlakın, uduşun, mükafatın və ya digər gəlirin müsadirəsini nəzərdə tutur. Məsələn, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə oyunçu offşor X və Y brendlərinə daxil olub və üç depozit qoyub - 11,49; 16,49 və 16 AZN. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə bu şəxsə 525-ci maddə ilə 3000 AZN cərimə təyin edilib. Belə misallar çoxdur. Nərimanov Rayon Məhkəməsinin məlumatına görə, oyunçu offşor brend X, “offşor brend X” və digər səhifələrdən istifadə edib, təxminən 1000 AZN uduzduğunu və 40 AZN uduş qazandığını bildirib. 3000 AZN cərimə təyin edilib, uduş müsadirə olunub. Qeyd etdiyimiz materiallardan bir daha nəticə əldə olunur ki, Azərbaycanın “azart oyun” istehlakçıları kazino oyunlarından və ya onların analoqlarından istifadəni müstəqil şəkildə nəzarətdə saxlaya bilmirlərsə, bu cür azart oyun təşkilatçılarının şirnikləndirici vəd və reklamlarına aludə olmasınlar. Məsləhət görürəm ki, bu sahədə hər hansı hüquq pozuntusu ilə üzləşən istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.