Prezidentə təşəkkür: “Gənclərin hədəflərinə çatması üçün heç bir əngəl yoxdur”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Şəmkir rayonunun Bayramlı kəndindən Mətanət Quliyeva Prezidentə məktubunda yazır: “Möhtərəm cənab Prezident, həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, üstəlik, bütün bunlardan əlavə, sağlamlığımın mənimlə savaşa qalxdığı bir vaxtda bir xəbər oxudum: Prezident mükafatçısı olmuşam. Həmin anı və o anın yaşatdığı hissləri ifadə etməyə nə mənim, nə də qələmimin gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi. Bütün bunlara görə Sizə minnətdaram, cənab Prezident! Əlilliyi olan şəxslər üçün yaratdığınız çoxlu imkanlar və bu istiqamətdə aparılan işlər bir daha imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətdə öz yerini tutsun. Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur. Bizim Sizə, Sizin qayğınıza hər zaman ehtiyacımız var”.