Psixoloqdan xəbərdarlıq: Pul mükafatı uşağın motivasiyasını öldürür

Uşaq və ailə psixoloqu Mariya Todorova hesab edir ki, uşaqlara yaxşı qiymətlərə və ya ev işlərinə görə pul vermək onların daxili motivasiyasına mənfi təsir göstərə bilər.

Sherg.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə hallarda uşaq dərs oxumağı, valideynlərinə kömək etməyi və ya tapşırıqları yerinə yetirməyi faydalı və vacib olduğu üçün deyil, yalnız maddi qarşılıq əldə etmək məqsədilə edir.

Psixoloq qeyd edib ki, bu yanaşma zamanla uşaqda hər bir fəaliyyətə görə ödəniş gözləntisi yaradır. Nəticədə o, ev işlərini, ailə üzvlərinə yardımı və digər məsuliyyətləri yalnız mükafat qarşılığında yerinə yetirməyə meylli olur.

Todorovanın fikrincə, belə vərdişlər gələcəkdə insanın məsuliyyət, intizam və uzunmüddətli məqsədlərə çatmaq bacarıqlarını zəiflədə bilər.

Mütəxəssis valideynlərə maddi təşviqdən daha çox emosional dəstəyə, uşağın uğurlarının qiymətləndirilməsinə və ailəyə bağlılıq hissinin gücləndirilməsinə üstünlük verməyi tövsiyə edib. Bu yanaşmanın uşaqlarda təhsilə və əməyə daha sağlam münasibət formalaşdırdığı vurğulanıb.