Son xəbərlər

Serbiya sammitə qatılmadı, Aİ soyqırımın inkarına sərt reaksiya verdi

Avropa İttifaqı (Aİ) müharibə cinayətkarlarının qəhrəmanlaşdırılmasını, soyqırımın inkarını və tarixi həqiqətlərin təhrif edilməsini Avropanın fundamental dəyərlərinə zidd hesab etdiyini bəyan edib.

Sherg.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ-Qərbi Balkanlar sammitindən sonra yayımlanan “Brüssel Bəyannaməsi”ndə bildirilib.

Serbiyanın qoşulmadığı bəyannamədə Aİ və Qərbi Balkan ölkələrinin regional əməkdaşlığı, iqtisadi inteqrasiyanı, təhlükəsizlik və sabitliyi gücləndirmək əzmi vurğulanıb.

Sənəddə Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasının strateji əhəmiyyət daşıdığı qeyd olunub, islahatların və birgə təşəbbüslərin davam etdirilməsinin vacibliyi bildirilib. Eyni zamanda, Aİ-nin də genişlənməyə hazırlaşmalı və zəruri islahatları həyata keçirməli olduğu vurğulanıb.

Bəyannamədə Qərbi Balkan ölkələrinə bütün müharibə qurbanlarına hörmət və həmrəylik mədəniyyətini inkişaf etdirmək çağırışı edilib. Müharibə cinayətləri ilə bağlı beynəlxalq və milli məhkəmələrin qərarlarına hörmət göstərilməsi və onların icrası tələb olunub.

Sənəddə həmçinin regional əməkdaşlığın, barışığın, mehriban qonşuluq münasibətlərinin və beynəlxalq sazişlərin vicdanla yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.