İntihar bütün dünyada böyük ictimai problemdir və bir çox hallarda şəxsin sosial-psixoloji vəziyyəti, təhsili, ailə münasibətləri və məsuliyyətləri ilə əlaqəlidir. Son vaxtlar belə hadisələrin sayı artmaqdadır.
Daşkəsən rayonun Əmirvan kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Nazlı Nürəddin qızı yaşadığı evin damında iplə özünü asaraq intihar edib. Üç uşaq anası olan N.Zeynalova ruhi əsəb xəstəxanasında qeydiyyatda olub və müalicə alıb. Bir neçə il bundan əvvəl N.Zeynalovanın bacısı da intihar edib.
Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. Hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 29 yaşlı Əlisultanov Rəhman Balasultan oğlu özünü yaşadığı evdə asıb.
Bəs, görəsən intiharların artmasının səbəbi nədir? İnsanlar niyə intihara əl atırlar? Belə hadisələrin qarşısı necə alınmalıdır?
“Sherg.az”ın sualarına cavab verən İctimai Nəzarət Komissiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı və kulturoloq Aydın Xan Əbilov bildirib ki, intiharlar keçmişdən indiki dövrə qədər sosial, ictimai, aktual problemdir:
“İstər inkişaf, istərsə də az inkişaf edən ölkələrdə qlobal problemlər, böhranlar baş verən zaman yaranan ictimai, sosial psixoloji vəziyyət fərdlərə təsir göstərir. Sabitlik dövründə daha çox intiharlar psixoloji, fərdi məsələrlə bağlı idi. Dünyanın tanınmış alim, yazıçı, müxtəlif istedadlara malik insanların intihar etmə xəbərini eşitmişik. Müharibələr, pandemiya kimi qlobal hadisələr zamanı intiharlar insanın psixoloji vəziyyətinə görə çoxalır. Dünyada baş verən bu hadisələr - mənfi informasiyalar, karantin rejimi, işsizlik, iqtisadi böhran, maddi vəziyyətin aşağı düşməsi, insanların bir-birilə konfliktə girməsi intiharların sayını artırır. Bu hadisələr Avropa və Qərb ölkələrində də baş verir və çoxlu itkilərlə üzləşirlər”.
Aydın Xan Əbilovun sözlərinə görə, problem həmişə olub və olacaq. İctimai gərginlik cəmiyyətdə intihar hadisələrinin çoxalmasına səbəb olur. Bu hadisənin həlli üçün nələr edilməlidir? Təbib və Səhiyyə Nazirliyinin xüsusi psixoloqlarından, tanınmış ictimai xadimlərdən ibarət etik böhran qrupu yaradılmalıdır. Bu qrup böyük informasiya vasitələrində, televiziyada, sosial mediada böhranlarla, insanların intihara meyl etməməsilə bağlı təklifləri, keçirilən tədbirləri cəmiyyətə təqdim etməlidirlər. Əsas tədbirlər sırasında maarifləndirmə dayanır.
Fidan Həbibli