Skuterləri əks istiqamətdə ölümə sürürlər - Ekspert həyəcan təbili çaldı

  • İstədikləri kimi hərəkət edən sürücülərə qarşı sərt tədbirlər tələb olunur

Elektrikli skuter idarə edənlərin avtomobil yollarında məsuliyyətsiz davranışları davam edir. Skuter sürənlər elə bilirlər ki, istədikləri yerdə, istədikləri şəkildə hərəkət edə bilərlər. Skuter idarə edənlərin yolu əks istiqamətdə hərəkət etməsi ilə bağlı İctimai Televiziyada görüntülər yayımlanıb. Kadrlarda skuterlərin həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olduğu görünür.

Nəqliyyat sahəsi üzrə mütəxəssis Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirib ki, kiçik elektrikli nəqliyyat vasitələri ilə bağlı qaydalar artıq müəyyənləşdirilib və qanunvericilikdə təsbit olunub:

- Qanun qəbul edilib və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulub. Kiçik elektrikli nəqliyyat vasitələrini idarə edən şəxslərə də qayda pozuntularına görə cərimələr tətbiq edilməlidir. Bu kimi halların qarşısını almaq üçün cərimələr ən effektiv vasitədir. Tənbeh məqsədilə bundan daha təsirli vasitə ola bilməz.

E. Cəfərov qeyd edib ki, xüsusi zəruri hal olmadıqda heç bir nəqliyyat vasitəsinin əks istiqamətdə hərəkət etməsinə icazə verilmir:

- Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununa əsasən, nəqliyyat vasitəsinin ümumi nəqliyyat axınının və ya işarələnmiş hərəkət istiqamətinin əksinə, yəni birtərəfli yolda və ya əks hərəkət zolağında irəli istiqamətdə hərəkət etməsinə heç bir halda icazə verilmir və bu, qəti qadağandır. Nəqliyyat vasitəsinin hərəkət istiqamətinin əksinə hərəkət etməsinə yalnız xüsusi və təhlükəsiz manevrlər zamanı yol verilir. Məsələn, dayanacaqdan çıxarkən, dar yerdə dönərkən və ya parkinq edərkən, digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə qısa məsafədə geriyə hərəkət etmək mümkündür. Bu qayda avtomagistrallar və yolayrıclarına şamil edilmir.

Bu tələblər bütün yol hərəkəti iştirakçılarına və bütün nəqliyyat vasitələrinə aiddir. Elektrikli skuterlər və velosipedlər onlar üçün ayrılmış xüsusi zolaqla hərəkət etməlidirlər. Belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin ən sağ zolağından istifadə etməlidirlər. Elektrikli skuterlərin avtomobil yolunda əks istiqamətdə hərəkət etməsi yol hərəkəti qaydalarının pozulmasıdır və digər hərəkət iştirakçıları, o cümlədən piyadalar üçün ciddi təhlükə yaradır.