Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib ki, yeniyetmələrin internet imkanlarının məhdudlaşdırılmasına ciddi ehtiyac var.
Son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonların uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınır. Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub “Sherg.az”a Azərbaycanda da bu qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirib:
“Təəssüf ki, sosial şəbəkələrdə bəzi istifadəçilər heç bir etik çərçivəni nəzərə almadan hər şeyi edirlər. Onlar rahatlıqla söyüş söyür, başqalarını təhqir edir və aqressiv davranışlar nümayiş etdirirlər. Belə halların uşaq və yeniyetmələr tərəfindən müşahidəsi onların psixoloji vəziyyətinə mənfi təsir göstərir, onların dünyagörüşünü, davranışlarını və mənəvi sağlamlığını pozur. Bu baxımdan uşaqların sosial şəbəkələrdə qarşılaşdıqları neqativ təsirlər ciddi narahatlıq doğurur. Bir çox ölkədə artıq 13 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulması müzakirə olunur. Bəzi ölkələrdə isə bu qadağa artıq tətbiq olunub. Burada əsas məsələ uşaqların psixoloji və mənəvi sağlamlığının qorunmasıdır. Onların sosial şəbəkələrdə qarşılaşa biləcəkləri mənfi təsirlərin qarşısını almaq üçün məhz belə tədbirlər zəruridir”.
Ekspert əlavə edib ki, dövlət sosial şəbəkələrdə əxlaqsız davranan şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etməlidir:
“Mövcud qanunvericilikdə cəzalandırmalar şəkildə həyata keçirilsə də, cəzaların effektliyi artırılmalıdır. Beləliklə, bir tərəfdən sosial şəbəkələrdə əxlaqsız davranışın qarşısı alınacaq, digər tərəfdən yeniyetmələrin və uşaqların psixoloji-mənəvi sağlamlığı qorunacaq”.