Məktəblilər soyuq siniflərdə dərs keçir: “Niyə noyabrın 15-ni gözləməlidirlər?

  • “İqlim dəyişib, istilik qaydaları isə ötən əsrdə qalıb”

Azərbaycanda 2026–2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, şagirdlər üçün dərslər noyabrın 23-də bərpa olunacaq.

Bunu niyə xatırlatdıq? Hazırda orta məktəblərdə istilik sistemləri işə salınmayıb. Çünki hörmətli Nazirlər Kabinetinin nə vaxtsa, lap ötən əsrdə olsa belə, qəbul etdiyi qərarlara yenidən baxmaq kimi bir vərdişi formalaşmayıb.

Ötən əsrdə Nazirlər Kabineti istilik sistemi ilə bağlı qərar qəbul edib: payız-qış mövsümünə keçid noyabrın 15-də başlayır, aprelin 15-də başa çatır. Yalnız bu dövrdə təbii qazın təzyiqi bir qədər artırılır, yəni qış rejiminə keçilir. Oktyabrda, noyabrın ilk 15 günündə, eləcə də aprel və may aylarında hava soyuq, bəzən hətta şaxtalı keçsə də, Nazirlər Kabineti öz qərarından dönmür.

Bir neçə gündür paytaxtda yağışlı və soyuq hava hökm sürür. Lakin mənzillərə verilməli olan istilik hələ də işə salınmayıb. Mərkəzi istilik şəbəkəsindən asılı olmayan evlərdə isə qızdırıcı cihazlarda mavi yanacaq öləziyir. Qaz güclə yanır, ev-eşiyi də isitmir.

Böyüklər yenə dözümlüdür. Bəs uşaqlara, sinif otaqlarında gödəkçələrini əyinlərindən çıxarmayan balacalara yazıqları gəlmir? Uşaqlar soyuqdan büzüşür, diqqətlərini dərsə cəmləyə bilmirlər. Sinif müəllimləri çıxış yolunu elektrik qızdırıcılarından istifadə etməkdə görürlər. Halbuki mərkəzi istilik sistemini işə salmaqla bu problemi əsaslı şəkildə həll etmək mümkündür.

Amma problem həll edilmir. Soruşsan, deyəcəklər ki, qazanxanalar hazır deyil, qaz kəmərləri yoxlanılır və sair. Həmişə olduğu kimi, qış qapını döyəndə yoxlama və təmir yada düşür.

Bir tərəfdən də hesablayırlar ki, onsuz da bir-iki gündən sonra payız tətili başlayır, məktəblərdə dərslər noyabrın 23-də bərpa olunacaq. O vaxta qədər bəlkə qaz xətləri qaydaya düşər, çatışmazlıqlar aradan qaldırılar və istilik verilməsinə başlanar. Beləliklə, bir həftə də vaxt qazanmaq istəyirlər.

İqtisadçı Razi Abbasbəyli Sherg.az-a açıqlamasında bildirib ki, təbii qazın verilməsində kifayət qədər problem mövcuddur:

“Hazırda orta məktəblərdə istilik sistemləri işə salınmayıb, halbuki hava şəraiti kifayət qədər soyuqdur. Sinif otaqları soyuqdur. Gözləyirlər ki, noyabrın 15-i olsun, sonra binalara, məktəblərə və yaşayış mənzillərinə istilik verilsin. Bu da çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. İqlim şəraiti artıq dəyişib. Bunu görməmək mümkün deyil. Bəs payız-qış mövsümünün bu bölgüsü niyə hələ də qüvvədə qalır?”