Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ

  • “İrəvanda bir məscidimiz qalıb, onu da özünküləşdirmək istəyirlər”
  • “Gah fars mollasının büstünü qoyurlar, gah erməni şairinin adını verirlər”

Azərbaycan türklərinin qədim yurd yeri olan İrəvanda tarixi-mədəni irsimizin nümunələrindən sayılan Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Eyni zamanda, fars şairi Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsinin təqdimatı keçirilib. Yaxın vaxtlarda həmin zalda Yeqişe Çarentsin büstünün də qoyulması nəzərdə tutulur.

Bu addım tarixi-mədəni irsin mənsubiyyəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirir. Ermənistan rəsmilərinin sülh və gələcək münasibətlərlə bağlı bəyanatlarına baxmayaraq, İrəvandakı Azərbaycan irsinin qorunması məsələsi açıq olaraq qalır. Azərbaycan türklərinə məxsus maddi-mədəni sərvətlərin mənsubiyyətinin təhrif edilməsi və başqa xalqların irsi kimi təqdim olunması cəhdləri narahatlıq doğurur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Göy məscidlə bağlı Ermənistan tərəfindən atılan bu addıma etiraz edərək bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsi və orada onun büstünün qoyulması tarixi-mədəni kimliyin təhrifinə, beynəlxalq dəyərlərə hörmətsizliyə və sülh səylərinə qarşı təxribata xidmət edir. Bunun tarixi həqiqətləri saxtalaşdırmaq və bir xalqa məxsus maddi-mədəni sərvətləri özününküləşdirmək cəhdi olduğu bildirilib.

Tədqiqatçı jurnalist, araşdırmaçı yazar, “Çapar” dərgisinin baş redaktoru, əslən İrəvandan olan Dilqəm Əhməd Sherg.az-a açıqlamasında baş verən hadisəni Azərbaycan türklərinin qədim yurddakı izlərinin növbəti dəfə silinməsi cəhdi kimi qiymətləndirib:

“İrəvanda bir məscidimiz qalıb. Onunla bağlı da illərdir ermənilər və farslar nə edəcəklərini bilmirlər. Hər ikisi də bilir ki, bu abidənin onlara dəxli yoxdur. Ona görə də gah fars mollasının büstünü qoyurlar, gah da erməni şairinin adını verirlər. Özləri də bilirlər ki, Qarabağda ucaltdıqları saxta abidələr tarixin arxivinə gömülüb. Bir gün Göy məsciddə yerləşdirdikləri bütün bu elementlər də oradan götürüləcək”.