Tiktoker Arzumun ev dustaqlığına buraxılması mümkündür - Mehriban Zeynalova

  • “Autizmli övladı olan anaya güzəşt edilə bilər”

4 övlad anası, Tiktoker Arzum kimi tanınan İlduzə Hacıyevanın ailəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti,“İDEA” təşkilatının rəhbəri Leyla Əliyevaya müraciət edərək analarının həbsdən azad edilməsini xahiş ediblər. Bundan əvvəlsə İlduzə Hacıyeva özü Prezident İlham Əliyevə müraciət etmişdi və bu müraciət sosial şəbəkələrdə yayılmışdı. 

Xatırladaq ki, “Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın iştirak etdiyi avtomobil qəzasında 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Toktokerə qarşı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. Tiktoker məhkəmədə özünü təqsirli bilmədiyini, qarşı tərəfin yüksək sürətlə hərəkət etdiyini idda edib. Lakin məhkəmə zərərçəkmiş tərəflə barışığın olmamasını və ağır nəticələri əsas gətirərək onu təqsirli bilib və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib. 

İ.Hacıyevanın övladları ölkənin birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciətlərində azyaşlı olmalarını və kiçik qardaşlarının autizm xəstəsi olmasını nəzərə alaraq analarının sərbəst buraxılmasını xahiş edir, “qardaşımızın anamızın şəfqətinə və qulluğuna ehtiyacı var” deyiblər. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, İ.Hacıyevanın vəkilinin məhkəmədə hansı məzmunlu vəsatətlə çıxış etdiyini bilmir, amma hesab edir ki, qadının azyaşlı övladlarının olması nəzərə alına bilər: 

- Belə praktika var. Azyaşlı övladları olan şəxsə müəyyən güzəştlər edilir, ev dustaqlığına buraxılır ki, övladlarından ayrılmasın, uşaqlar ananın himayəsində qalsınlar. Məhkəmədə bununla bağlı vəsatət qaldırılmalıdır. Məncə, mümkündür. Uşaqların marağı üstün götürülərək qadının cəzası ev dustaqlığı ilə əvəz oluna bilər. Bir halda ki övladlarından biri autizm xəstəsidir, ona güzəşt edilməsi humanist münasibətin göstəricisi sayılacaq.