"Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq".
Bu barədə Daxili İşlə Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, ki, ötən gün toy karvanına yetişmək üçün tələsən sürücünün VAZ markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır".
Problemin uzun illərdir mövcud olduğunu vurğulayan sosioloq Elçin Bayramlı "Sherg.az"a söyləyib ki, belə hadisələr hər il baş verməkdə davam edir:
''İctimai qınağa baxmayaraq, ciddi tədbirlər görülmür və hansısa dəyişiklik baş vermir. Toy karteclərində avtoxuliqanlıq etmək milli adət-ənənələrimizə daxil deyil. Qədimdən bəri gəlini toy karvanı ilə aparıblar. Ancaq prosses indiki formada olmayıb. Son 20-30 ildə baş verənlər mənəvi-psixoloji deqradasiyanın nəticəsidir. Yəni, cəmiyyətdə neqativ xüsusiyyətlər yaranıb. Qayda-qanunlara hörmətsizlik hökm sürür və insanlar hər şeyi göstəriş naminə edirlər. Bunun qarşısını nə maarifləndirmə, nə də inzibati yolla almaq mümkündür. Əslində toy karvanlarında heç bir nöqsan yoxdur. Bəziləri bunun qadağan olunmasını tələb edirlər. Lakin mən bu təklifin əleyhinəyəm. 3-5 bəzədilmiş maşınla sakit formada gəlin gətirilsə, nə kimi təhlükə yarana bilər? Ancaq son dönəmdə əsasən gənclər toy karvanlarında manevrələr edərək insanların həyatını təhlükəyə salırlar. Bu da cəzasızlıq mühitinin yaranması ilə əlaqədardır. Yolda belə hadisələr törədilərkən həmin şəxslərə verilən cəzalar adekvat deyil''.
Ekspert qeyd edib ki, toy karvanında belə hadisələr yaşanarsa, dərhal orada iştirak edən avtomobillər müsadirə edilməli və həmin şəxslər həbs olunmalıdır:
''Bu halda bu cür neqativ hallar aradan qalxacaq. Çünki heç kim əziyyətlə aldığı maşını itirmək riskini gözə ala bilməz. Bizim cəmiyyətdə yalnız radikal üsullar və sərt cəzalarla hansısa problemi düzəltmək mümkündür. Hətta, valideyn 15-16 yaşında uşağına maşını həvalə edir. Beləliklə uşaqlar belə hoqqalardan çıxırlar. Bəzən xeyir iş olduğu üçün polislər bu kimi hallara göz yumurlar. Bu isə tamamən yanlış addımdır".