- “Gündə 2 kilometrədək dəmir yolu çəkmək mümkündür”
Ermənistanda Zəngəzur dəhlizi layihəsinin başlanması münasibətilə qırmızı lent kəsilib, yol kənarında işləyən ekskavatorlar və digər tikinti texnikaları nümayiş etdirilib.
Ermənistanın İctimai Televiziyasının yayımladığı görüntülərə istinadən Sputnik Ermənistan məlumat yayıb.
Mərasimdə Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan çıxış edərək hadisəni tarixi əhəmiyyətli adlandırıb.
O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Ermənistanda uzunmüddətli sülhün və inkişafın təmin olunmasına xidmət edəcək.
Qukasyan yaxın gələcəkdə genişmiqyaslı tikinti işlərinin başlanacağına və layihənin reallığa çevriləcəyinə ümid etdiyini söyləyib.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan ərazisindən keçəcək dəmir yolu xəttinin sovet dövründə mövcud olmuş marşrut üzrə çəkilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu istiqamətdə təxminən 42 kilometrlik dəmir yolu xətti əvvəlki marşrut əsasında bərpa edilə bilər:
“Burada bir neçə mühüm məqam var. İlk növbədə, həmin ərazilərdə sərhədlərin delimitasiyası məsələsi həll olunmalıdır. Digər tərəfdən, dəmir yolunun keçəcəyi ərazilərdə mövcud torpaq yatağının və infrastrukturun texniki vəziyyəti yenidən qiymətləndirilməlidir. Çünki söhbət 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, SSRİ-yə Lend-liz proqramı çərçivəsində göstərilən yardımla əlaqəli şəkildə inşa edilmiş infrastrukturdan gedir. Ələt–Astara istiqamətindəki dəmir yolu xətti də həmin dövrün nəqliyyat layihələri ilə bağlı olub.
Artıq 85 ilə yaxın vaxt keçib. Bu müddət ərzində ərazidə müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Yaşayış məntəqələri genişlənib, təsərrüfatların ehtiyacları artıb. Buna görə də əvvəlki dəmir yolu yatağının hazırkı vəziyyəti, eləcə də körpülər, tunellər və digər mühəndis qurğuları yenidən təhlil edilməlidir. Zərurət yaranarsa, əlavə infrastrukturun qurulmasına ehtiyac olacaq. Düşünürəm ki, bu işlər müəyyən vaxt tələb edə bilər.
Bununla belə, əgər torpaq yatağı və mühəndis qurğuları yararlı vəziyyətdədirsə, relslərin döşənməsi prosesi nisbətən sürətlə həyata keçirilə bilər. Belə ki, istifadə olunacaq texnikanın modifikasiyasından asılı olaraq, gündəlik təxminən 600-700 metrdən 1-2 kilometrədək dəmir yolu xəttinin çəkilməsi mümkündür. Torpaq yatağı əvvəlcədən hazır olarsa, bu göstəricilər əsasında tikinti müddətini təxmini hesablamaq olar. Texnikanın növündən və iş şəraitindən asılı olaraq gündəlik 800-1200 metr rels yolu döşəmək mümkündür. İki növbəli iş rejimində bu göstərici 1200-1500 metrə, optimal şəraitdə isə 1500-2000 metrə qədər çata bilər.
R. Ağamirzəyev avtomobil yollarının tikintisi ilə bağlı məsələyə də toxunaraq bildirib ki, Ermənistan ərazisində Nüvədi kəndindən Azərbaycanın əsas hissəsi istiqamətində yolun keçəcəyi ərazi dağlıq relyefə malikdir. Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında həmin ərazidə partlatma işləri aparılıb və bu istiqamətdə tikinti işlərinin sürətləndirilməsi mümkündür: 
“Düşünürəm ki, bu istiqamətdə işlərə diqqət yetirilsə, ilkin mərhələdə iki zolaqlı avtomobil yolunun açılması daha qısa müddətdə mümkün ola bilər. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazisində Horadiz–Ağbənd avtomobil yolu dörd-altı zolaqlı, Naxçıvan istiqamətində isə Ordubaddan Türkiyə sərhədinə qədər olan yol təxminən dörd zolaqlıdır. Bu baxımdan, bütün marşrut boyunca orta hesabla dörd zolaqlı yolun yaradılması, mövcud yol yatağının genişləndirilməsi və müvafiq infrastrukturun qurulması əlavə vaxt tələb edəcək. Hesab edirəm ki, bu işlər ən azı bir-iki il çəkə bilər.
İlkin mərhələdə isə iki zolaqlı yolun istifadəyə verilməsi variantına baxmaq olar. Dəmir yolu ilə bağlı da oxşar vəziyyət mövcuddur. Əgər marşrut boyunca əlavə mühəndis qurğularının tikintisinə ehtiyac yaranmasa, xəttin daha qısa müddətdə istifadəyə verilməsi mümkündür. Lakin yeni körpülərin, tunellərin və digər süni qurğuların inşası tələb olunarsa, bu proses daha uzun çəkə bilər. Belə olan halda, işlərin 2029-cu ilədək davam etməsi mümkündür.
Fikrimcə, marşrutun mərhələli şəkildə istifadəyə verilməsi məsələsi də nəzərdən keçirilməlidir. Regiondakı mövcud vəziyyət və yaranan imkanlar fonunda tikinti prosesini sürətləndirmək üçün bu yanaşma məqsədəuyğun ola bilər”.
R. Ağamirzəyev ümumilikdə TRIPP layihəsinin icra prosesinin artıq müzakirə mərhələsindən praktiki addımlar mərhələsinə keçdiyini düşünür. Onun sözlərinə görə, layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra daha aktiv müzakirə olunmağa başlayıb:
“Bu il ərzində, xüsusilə yay aylarından etibarən Ermənistan və ABŞ arasında TRIPP Development şirkəti təsis edilib, layihə üzrə müvafiq ofislər yaradılıb. Həmçinin, Azərbaycan, Ermənistan və ABŞ-ın iştirakı ilə üçtərəfli hökumətlərarası komissiyanın yaradılması da prosesin sürətlənməsinə töhfə verəcək. Düşünürəm ki, ilin sonuna doğru işlər daha da intensivləşəcək, gələn ilin əvvəlindən isə aktiv tikinti mərhələsinə keçid baş verəcək. Artıq yayılan görüntülərdə tikinti texnikalarının nümayiş etdirilməsi də onu göstərir ki, layihə ilə bağlı proses yalnız müzakirələrlə məhdudlaşmır, praktiki işlərə keçid başlayıb”.