Azərbaycan Prezidentinə təbriklər davam edir…
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Sherg.az bildirir ki, təbrikində M.Qutseriyev qeyd edib ki,
İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Prezidentə təbrikində İlham Əliyevin həyatını bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etdiyini vurğulayıb:
“Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb”.
X X X
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az bildirir ki, mətndə deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.
Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.
Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Doğum gününüz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının davamlı və yaşıl inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycanı COP 29 Konfransına uğurla ev sahibliyi etməsi və sədrliyi münasibətilə təbrik edirəm. COP 29 qlobal iqlim gündəliyinin irəli aparılmasında mühüm rol oynayıb. Xüsusilə, 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin qəbul edilməsi, qlobal karbon ticarəti sisteminin yaradılması, həmçinin Lima Gender üzrə İş Proqramının 10 il müddətinə uzadılması mühüm tarixi nailiyyətlərdir və bunlar iqlim siyasəti fəaliyyətində səyləri artırmaq, eləcə də gender bərabərliyini, ədalətli keçidi gücləndirmək üçün gələcək təşəbbüslərin formalaşmasına kömək edəcəkdir.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanla tərəfdaşlığını davam etdirməyə sadiqdir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində 2026-2030-cu illər ərzində birgə səylərimizi əlaqələndirmək üçün BMT və Azərbaycan arasında yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanmasını səbirsizliklə gözləyirik.
Mən, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Globalinfo.az bildirir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə – böyük dövlət xadiminə, sadiq beynəlmiləlçiyə və mərhəmətli liderə çoxlu uğurlar arzulayıram.
Azərbaycanda və dünyada bir çox həyati vacib işlərdə göstərdiyiniz mühüm xidmətləri, xüsusilə də ölkənizdə və xaricdə yəhudi icmalarına səmimi münasibətinizi alqışlayıram. Siz əhalinin firavanlığı üçün böyük işlər görən yüksək nüfuzlu, güclü lidersiniz.
Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və COP 29-un mükəmməl şəkildə təşkil olunması münasibətilə səmimi təbriklərimi qəbul edin. Hər iki tədbir xalqların və bütövlükdə planetimizin zəfəri idi.
Mən həm Mədəniyyətlərarası Dialoq Forumunda, həm də COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitində çıxış etməkdən şərəf duydum. Həmin tədbirlər Sizin dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsinə sadiqliyinizi nümayiş etdirdi ki, bu da dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir dünya axtarışında olan hər bir gələcək nəsil üçün Azərbaycanın qlobal dinc birgəyaşayışın simvolu olduğunu təsdiq edir.
Cənab Prezident, əgər biz hamımız Sizin qarşıya qoyduğunuz yüksək standartların yalnız bir hissəsinə uyğun yaşaya bilsəydik, o zaman dünyamız daha yaxşı məkana çevrilərdi.
İnanıram ki, qarşılıqlı hörməti və anlaşmanı inkişaf etdirmək yollarını axtararkən bundan sonra da uzun illər müdriklik və inam nümayiş etdirərək bizi ruhlandırmağa davam edəcəksiniz.
Sizə möhkəm cansağlığı və firavanlıq diləyir, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı bildirirəm”.