- “1,5 dərəcəlik həddin aşılması qaçılmazdır”
BMT-nin Baş katibi Antonio Quterreş qlobal istiləşmənin 1,5 dərəcəlik həddi aşmasının artıq qaçılmaz olduğunu bildirib və iqlim böhranı ilə mübarizə üçün təcili tədbirlərə çağırıb.
Sherg.az xəbər verir ki, Quterreş bu fikirləri Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçirdiyi mətbuat konfransında səsləndirib.
BMT rəhbəri Türkiyəyə ev sahibliyi və qonaqpərvərliyə görə təşəkkür edib. O, Türkiyənin indiyədək keçirilmiş ən böyük COP konfranslarından birinə və şübhəsiz ki, bu ilin ən böyük BMT tədbirinə ev sahibliyi etdiyini vurğulayıb.
Quterreşin sözlərinə görə, iqlim dəyişikliyi aclığa, miqrasiyaya, iqtisadi itkilərə və qeyri-sabitliyə səbəb olur. İqlim böhranı ölkələrin inkişaf nailiyyətlərini təhlükə altına salır, borc yükünü artırır, su və torpaq uğrunda rəqabəti gücləndirir.
“Yanan planetdə sülh qura bilməzsiniz”,- deyə BMT-nin Baş katibi bildirib.
O, iqlim böhranının əsas səbəbinin fosil yanacaqlar olduğunu vurğulayaraq, bu enerji mənbələrindən imtina etmədən təhlükəsiz iqlim gələcəyinin mümkün olmadığını qeyd edib.
Quterreşin fikrincə, qarşıdakı bir neçə il ərzində istixana qazı emissiyaları hər il təxminən 6 faiz azaldılmalıdır. Mövcud milli öhdəliklər yerinə yetirilsə belə, əsrin sonuna qədər qlobal temperatur artımının 2,5 dərəcəni keçəcəyi gözlənilir.
İnkişaf etmiş ölkələrə çağırış
BMT rəhbəri iqlim böhranından ən çox zərər çəkən ölkələrin qlobal emissiyalara ən az töhfə verən dövlətlər olduğunu xatırladıb. O, inkişaf etmiş ölkələri iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
Quterreş təmiz enerjinin genişləndirilməsinin, elektrik şəbəkələrinin inkişafının, enerji saxlama imkanlarının artırılmasının və enerji səmərəliliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin fosil yanacaq lobbisinin qeyri-mütənasib təsirinə qarşı çıxış edib:
“Planetimizin gələcəyi onun məhv edilməsindən qazanc əldə edənlərin şərtlərinə uyğun müzakirə edilə bilməz”.
BMT-nin Baş katibi çıxışının sonunda ölkələri elmi faktlarla üzləşməyə, elmin yolunu seçməyə və iqlim böhranına qarşı mübarizədən geri çəkilməməyə çağırıb.